Mariam Kvrivişvili BMT-nin daimi koordinatoru ilə iqtisadi əməkdaşlıq istiqamətlərini müzakirə edib
İqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili BMT-nin Gürcüstandakı daimi koordinatoru Didie Tğebiuk ilə görüşüb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, tərəflər inklüziv iqtisadi artım, yaşıl enerji, enerji səmərəliliyi, rəqəmsal transformasiya, nəqliyyat, logistika, eləcə də dayanıqlı turizm və təhsil məsələləri də daxil olmaqla, qarşılıqlı əməkdaşlığın prioritet istiqamətlərini müzakirə ediblər.
“BMT ilə əməkdaşlığın çərçivə proqramı ilə nəzərdə tutulan prioritetlərə xüsusi diqqət yetirildi. Xüsusilə, iqtisadi artımın sürətləndirilməsi istiqamətində təşkilatın müxtəlif agentlikləri ilə daha səmərəli münasibətlər müzakirə olundu. BMT-nin Orta Dəhliz və ümumilikdə ölkənin nəqliyyat-logistika infrastrukturunun inkişafında daha fəal iştirakına xüsusi diqqət yetirildi. Görüşdə gürcü tərəfi ölkədə həm mövcud infrastrukturun, həm də yeni imkanların inkişafı istiqamətində həyata keçirilən layihələr barədə BMT-nin daimi koordinatoruna ətraflı məlumat verdi. O cümlədən, Anaklia dərin dəniz limanı, dəmir yollarının modernləşdirilməsi layihəsi, Şərq-Qərb avtomagistralı və digər layihələr xüsusi qeyd olundu.
Həmçinin, tərəflər BMT ilə yaşıl enerji sektorunda əməkdaşlığı müzakirə ediblər. Sahədə yeni texnologiyaların, o cümlədən yaşıl hidrogen istehsalının inkişafına, eləcə də elektrik enerjisinin saxlanması üçün batareya sistemlərinin tətbiqinə və digər prioritet istiqamətlərə xüsusi diqqət yetirilib. Yaşıl enerjinin ötürülməsi layihəsinin inkişafı vurğulanıb, bu layihə vasitəsilə də Gürcüstan üzərindən Cənubi Qafqazın elektroenergetika sistemi Avropa İttifaqının sistemi ilə birləşəcək, bu da layihədə iştirak edən bütün tərəflər üçün strateji əhəmiyyət daşıyır” – İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda deyilir.
Onların məlumatına əsasən, görüşdə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı əməkdaşlığın dərinləşdirilməsi haqda danışıqlar aparılıb.
Görüşdə nazir müavinləri Qenadi Arveladze və Tamar İoseliani iştirak ediblər.