Mariam Kvrivişvili Birləşmiş Krallığın səfiri Qaret Edvard Uordla görüşüb
İqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili Birləşmiş Krallığın Gürcüstandakı səfiri Qaret Edvard Uordla görüşüb.
Tərəflər iki ölkə arasında iqtisadi əməkdaşlığın dinamikasını müzakirə ediblər. Qeyd edilib ki, son iki il ərzində Birləşmiş Krallıq birbaşa xarici investisiyalar baxımından ölkədə birinci yeri tutur, bu da Britaniya biznesi tərəfindən Gürcüstanın iqtisadiyyatına və investisiya mühitinə olan inamın göstəricisidir.
Görüşdə Gürcüstanın regional tranzit mərkəzi rolunu daha da möhkəmləndirməyi planlaşdırdığı qeyd edilib. Mariam Kvrivişvilinin bəyanatına əsasən, ölkə infrastrukturun modernləşdirilməsi yolu ilə beynəlxalq nəqliyyat bazarlarına və qlobal təchizat zəncirlərinə inteqrasiyanı davam etdirir.
Gürcüstan və Birləşmiş Krallıq arasında birbaşa hava nəqliyyatının müsbət dinamikasına xüsusi diqqət ayrılıb. Qeyd edilib ki, “British Airways” və “EasyJet”in fəaliyyətə başlaması qısa müddətdə iki ölkə arasında sərnişin axınının sürətlə artmasına səbəb olub.
Görüşdə gürcü tərəfi dəniz nəqliyyatı sahəsindəki sanksiyaların tətbiqi mexanizmlərinə də diqqət yönəldib. Nazir qeyd edib ki, Gürcüstanın limanlarında bütün prosedurlar qüvvədə olan milli və beynəlxalq öhdəliklərə tam uyğundur və Gürcüstan bu öhdəlikləri dəqiqliklə yerinə yetirir.
Birləşmiş Krallığın səfiri ilə keçirilən görüşdə iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavinləri Tamar İoseliani və Qenadi Arveladze iştirak edirdilər.
Məlumatı İqtisadiyyat Nazirliyinin mətbuat xidməti yayır.