Mariam Kvrivişvili Azərbaycanın “PASHA Holding” biznes qrupunun kommersiya və beynəlxalq layihələr üzrə icraçı direktoru ilə görüşüb
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Azərbaycanın böyük biznes qrupu “PASHA Holding”in kommersiya və beynəlxalq layihələr üzrə icraçı direktoru Elçin Qədimov ilə görüşüb.
İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, görüşdə “PASHA Holding”in Gürcüstandakı cari investisiya layihələrini və onların inkişaf planlarını müzakirə ediblər.
“Diqqət cari layihələrin həyata keçirilməsi mərhələlərinə, habelə şirkətin Gürcüstandakı fəaliyyətinin genişləndirilməsinə və gələcək əməkdaşlıq imkanlarına yönəldilib.
Qeyd olunub ki, “PASHA Holding” 2015-ci ildən bu günədək Gürcüstana təxminən 60 milyon ABŞ dolları həcmində investisiya qoyub və yaxın gələcəkdə əlavə sərmayələr yatırmağı planlaşdırır.
Görüşdə iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini İrakli Nadareişvili, publik hüquqi şəxs İnvestisiyalar Agentliyinin sədri Mixeil Xidureli, həmçinin “PASHA Holding”in nümayəndələri və Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev iştirak ediblər.
“PASHA Holding” bank və sığorta sektorları ilə yanaşı, daşınmaz əmlak, tikinti, informasiya texnologiyaları və turizm sahələrində fəaliyyət göstərən Azərbaycanda təsis olunmuş böyük şaxələndirilmiş biznes qruplarından biridir” – İqtisadiyyat Nazirliyinin məlumatında qeyd olunub.