Mariam Kvrivişvili Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb

19:43, 17.11.2026

 

Gürcüstanın vitse-baş naziri, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşüb.

İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, görüşdə Gürcüstan və Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq və iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərinə diqqət yönəldilib.

“İki ölkə arasında mövcud sıx siyasi və iqtisadi əlaqələrə, cari birgə layihələrə və regional əməkdaşlığın əhəmiyyətinə toxunulub. Əlaqəliliyin gücləndirilməsinin, regionun nəqliyyat, logistika və enerji potensialından maksimum istifadə edilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə qeyd olunub ki, uğurla həyata keçirilən birgə layihələr və ticarət əməkdaşlığı nəticəsində Azərbaycan 2000-ci ildən etibarən Gürcüstanın ən böyük ticarət tərəfdaşlarının onluğunda stabil şəkildə yer tutur.

Tbilisi və Bakı arasında sərnişin dəmir yolu əlaqəsinin bərpasından sonra sərnişin axınının əhəmiyyətli dərəcədə artması müsbət qiymətləndirilib” – qurumun məlumatında qeyd olunub.

Görüşdə Gürcüstanın Azərbaycandakı səfiri Qiorqi Zakaraşvili və Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak ediblər.

Oxşar