Mariam Kvrivişvili Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb
Mariam Kvrivişvili Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb

 

Gürcüstanın iqtisadiyyat naziri Mariam Kvrivişvili Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.

Bu barədə məlumatı Azərbaycan mediası yayır.

Yayılmış məlumata əsasən, İlham Əliyev Mariam Kvrivişvilini nazir təyin olunması münasibətilə təbrik edib və onun Azərbaycana səfərini sıx əməkdaşlığın göstəricisi kimi qiymətləndirib.

Qonaqpərvərliyə və təbrikə görə minnətdarlığını bildirərkən Mariam Kvrivişvili dövlət başçısı ilə görüşün onun üçün şərəf olduğunu deyib.

Gürcüstanın iqtisadiyyat naziri Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin salamlarını Azərbaycan Prezidentinə çatdırıb.

İlham Əliyev İrakli Kobaxidzenin Gürcüstanda keçirilən parlament seçkilərindən sonra cari ilin yanvarında Azərbaycana ilk xarici səfərini məmnunluqla xatırlayıb və bunun Azərbaycan ilə Gürcüstan arasında dostluq və qardaşlığın nümunəsi olduğunu bildirib.

Mariam Kvrivişvili prezident İlham Əliyevin qlobal lider olduğunu vurğulayıb və dövlət başçısının Gürcüstanda dost kimi qəbul edildiyini qeyd edib.

Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif sahələri əhatə edən geniş gündəliyə malik olduğu qeyd olunub. Görüşdə Azərbaycan və Gürcüstan arasında energetika və nəqliyyat sahələrində qurulmuş əməkdaşlıq və birgə həyata keçirilən layihələrin təkcə iki ölkə üçün deyil, həm də daha geniş region üçün də strateji əhəmiyyət kəsb etdiyi deyilib.

Bağlantı, energetika, ticarət, investisiyalar və başqa sahələrdə ikitərəfli və çoxtərəfli formatlarda daha sıx əməkdaşlığın əhəmiyyətindən danışılarkən, əlaqələrin müxtəlif istiqamətlərdə genişlənəcəyinə dair ümidvarlıq ifadə olunub.

Görüşdə Azərbaycanın Gürcüstanın əsas ticarət tərəfdaşı olduğu xüsusilə qeyd olunub, ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın mövcudluğu vurğulanıb və tərəflər iqtisadiyyatın müxtəlif sahələrində birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.