Mariam Kvrivişvili Acara hökumətinin sədri ilə birlikdə Batumi Beynəlxalq Hava Limanında yay turizm mövsümü üçün görülən işlərlə tanış olub
Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili Acara Muxtar Respublikası hökumətinin sədri Zurab Pataradze ilə birlikdə Batumi Beynəlxalq Hava Limanında yay turizm mövsümü üçün görülən işlərlə tanış olub.
“Qeyd edilib ki, Batumi Hava Limanı cari turizm mövsümünü tam hazır vəziyyətdə qarşılayır və artan sərnişin axınlarına ləngimə olmadan xidmət göstərməyə hazırdır.
Həmçinin, naviqasiya mövsümü ilə bağlı planlar, yenilənmiş uçuş cədvəlləri və artan sərnişin axınına səmərəli xidmət göstərilməsi məsələlərinə toxunulub” – İqtisadiyyat Nazirliyi tərəfindən yayılmış məlumatda qeyd olunub.
Nazir və hökumət sədrini iş prosesinin gedişatı ilə hava limanının idarəedici şirkəti olan “TAV Georgia”nın baş meneceri Tea Zakaradze tanış edib. O, yerindəcə Batumi Hava Limanının genişləndirilməsi konsepsiyasını təqdim edib.
Layihəyə əsasən, Batumi Beynəlxalq Hava Limanının terminalının mövcud 8 000 m² sahəsinə təxminən 1000 m² sahəsi olan yeni məkanlar əlavə edilir. Bura həm əməliyyat, həm də inzibati zonalar daxildir. Müxtəlif zonalarda cari və başa çatdırılan işlərin məcmusu isə Batumi Beynəlxalq Hava Limanının ümumi ötürücülük qabiliyyətini 22-25 faizədək artıracaq.
2025-ci ildə Batumi Beynəlxalq Hava Limanında illik sərnişin axını rekord göstəriciyə – 1,230,200 sərnişinə çatıb, bu da 2024-cü ilin göstəriciləri ilə müqayisədə 29 faiz çoxdur. 2026-cı ilin yanvar-may aylarında isə ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstanda yerinə yetirilən reyslərin sayı səkkiz faiz artıb.
Batumi Beynəlxalq Hava Limanında keçirilən işgüzar görüşdə Mariam Kvrivişvili və Zurab Pataradze ilə yanaşı, iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Tamar İoseliani iştirak edirdi.