Mamuka Xazaradze, Salome Zurabişvili ilə bugünkü görüşün "Müqavimət Platforması"nın bərpası məqsədilə baş tutduğunu bildirir
Mamuka Xazaradze, Salome Zurabişvili ilə bugünkü görüşün "Müqavimət Platforması"nın bərpası məqsədilə baş tutduğunu bildirir

 

“Lelo – Güclü Gürcüstan”ın lideri Mamuka Xazaradze Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili ilə görüşüb.

Xazaradzenin görüşdən sonra dediyi kimi, görüş “Lelo”nun təşəbbüsü ilə keçirilib və məqsəd müxalifət birliyinin, “Müqavimət Platforması”nın bərpası olub.

O, son vaxtlar bu məsələ ilə bağlı intensiv görüşlər keçirildiyini deyib.

“Son bir həftədir istər siyasi həyatın davamı, istərsə də seçkilərlə bağlı və s. müxtəlif strategiyalar üzərində fəal söhbət gedir. Biz bütün maraqlı qruplarla intensiv görüşlər keçiririk. Dünən biz siyasi məhbusların valideynləri, Rustaveli fəalları, ekspertlərlə görüşdük. Bu gün öz xahişimizlə biz prezidentlə görüşdük. Mən təsdiq etmək istəyirəm ki, bu görüşlərin məqsədi vahid strategiya, düzgün siyasətlə rus rejimini məğlub etmək üçün güclü birliyin bərpa olmasıdır. Söhbətimiz bu birliyin bərpası və möhkəmləndirilməsi haqda idi” – Xazaradze bildirib.

Xazaradze, birliyin bərpası üçün resurs və potensial gördüyünü deyib.

“Mən bu birliyin bərpası üçün resurs görürəm, çünki ölkə uçurumun astanasındadır. Biz hər şeyi bir kənara qoyub qələbə formulunun nə olduğunu düşünməliyik. Bu formul üzərində razılığa gəlməzdən əvvəl ilk növbədə, vətənin hər şeydən üstün olduğunu hər kəsin görməsi üçün birgə platforma bərpa olunmalıdır” – Xazaradze bildirib.