Malyariyadan azad ölkə statusunun verilməsi ilə əlaqədar, Xəstəliklərə Nəzarət Mərkəzinin təşkilatçılığı ilə Batumidə təntənəli tədbir keçirilib
Malyariyadan azad ölkə statusunun verilməsi ilə əlaqədar, Xəstəliklərə Nəzarət Mərkəzinin təşkilatçılığı ilə Batumidə təntənəli tədbir keçirilib

 

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Gürcüstana yerli malyariyadan azad ölkə statusunun verilməsi ilə əlaqədar, Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin təşkilatçılığı ilə Batumidə təntənəli tədbir keçirilib.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, qeyd olunmuş status ölkənin mühüm nailiyyətidir və tədbirdə malyariyanın aradan qaldırılması prosesinə mühüm töhfə vermiş ictimai səhiyyə sahəsindəki mütəxəssislərin əməyinə xüsusi diqqət ayrılıb.

Malyariyaya qarşı mübarizədə verdiyi mühüm töhfə və peşəkarlığına görə xüsusi mükafat Acara Muxtar Respublikasının səhiyyə və sosial müdafiə naziri Nino Nijaradzeyə təqdim edilib. Tədbir çərçivəsində Acara, Quriya, Sameqrelo və Poti bölgələrində çalışan səhiyyə sahəsinin nümayəndələri xüsusi sertifikatlar və xatirə medalları ilə mükafatlandırılıblar.

Tədbirdə “Gürcüstanda yerli malyariyadan azad ərazinin sertifikatlaşdırılması prosesi” adlı təqdimat və film nümayiş etdirilib.

Tədbirdə Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin baş direktoru İrakli Purtseladze, müavini Paata İmnadze, Acaranın səhiyyə və sosial müdafiə naziri və onun müavinləri, Batuminin meri Qiorqi Tsintsadze, Kobuletinin meri İrakli Tsetsxladze, Xelvaçaurinin meri Zaza Diasamidze, Ozurqetinin merinin müavinləri, Ümumdünya Səhiyyə Təşkilatının Gürcüstan ofisinin rəhbəri Silviu Domente, Batuminin Şota Rustaveli Dövlət Universitetinin rektoru Tite Aroşidze və digər rəhbər şəxslər, bələdiyyələrin nümayəndələri və malyariyanın aradan qaldırılması prosesində iştirak edən mütəxəssislər iştirak ediblər.

Görüşdə malyariyanın aradan qaldırılması üzrə çoxillik proses ümumiləşdirilib, həyata keçirilən tədbirlər müzakirə edilib.