Maliyyənin azlığı səbəbindən BMT dünya üzrə doqquz missiyada iştirak edən sülhməramlıların sayını dörddə bir azaldacaq
Maliyyənin azlığı səbəbindən BMT dünya üzrə doqquz missiyada iştirak edən sülhməramlıların sayını dörddə bir azaldacaq.
“Reuters” agentliyi anonimlik şərti ilə mediaya danışan BMT-nin yüksək rütbəli rəsmisinə istinadən müvafiq məlumatı yayır.
BMT sülhməramlı kontingentini azaltmaq qərarını gələcəkdə Amerika Birləşmiş Ştatlarından maliyyə alınması ilə bağlı qeyri-müəyyənlik fonunda qəbul edib.
“Ümumilikdə, sülhməramlı qüvvələrimizin və polisimizin, eləcə də onların avadanlıqlarının 25%-ni geri qaytarmaq (repatriasiya) məcburiyyətində qalacağıq. Həmçinin, bu missiyalarda iştirak edən mülki heyətin böyük hissəsinə şamil ediləcək” – “Reuters”in mənbəsi bildirib.
BMT-nin yüksək rütbəli rəsmisi söhbətin təxminən 13 000 -14 000 hərbçi və polisdən getdiyini deyib.
Sülhməramlı missiyaların heyətinin azaldılması Cənubi Sudan, Konqo Demokratik Respublikası, Livan, Kosovo, Kipr, Mərkəzi Afrika Respublikası, Qərbi Sahara, Qolan təpələri, eləcə də Cənubi Sudan ilə Sudan arasındakı inzibati zonada yerləşən kontingentə şamil ediləcək.
Amerika Birləşmiş Ştatları BMT-nin sülhməramlı missiyalarına ən böyük töhfə verən ölkədir, missiyaların maliyyələşdirilməsinin 26%-i onun payına düşür, 24%-lə onu Çin izləyir. “Reuters”in qeyd etdiyi kimi, bu ödənişlər könüllü deyil.
BMT-dən agentliyə dedikləri kimi, ABŞ-nin borcu hazırda 2,8 milyard dollar təşkil edir.
Avqustda Donald Tramp 2024–2025-ci illər üçün sülhməramlı missiyalara ayrılmış 800 milyon dollar həcmində maliyyəni birtərəfli qaydada ləğv edib.