Maliyyə Nazirliyinin İstintaq Xidməti rüşvət alması faktına görə Qori İnkişaf Agentliyinin əməkdaşını saxlayıb
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları həyata keçirilmiş istintaq hərəkətləri nəticəsində rüşvət alması faktına görə qeyri-kommersiya hüquqi şəxs “Qori Munisipalitetinin İnkişaf və Tani və Tezmisi Qorunan Landşaftının İdarəolunması Agentliyi”nin əməkdaşını saxlayıblar. Bu barədə məlumatı İstintaq Xidməti yayır.
Qurumun məlumatına əsasən, istintaqla təqsirləndirilən şəxsin vəzifə səlahiyyətindən istifadə etməklə rüşvət aldığı müəyyən edilib.
“Saxlanılan şəxs öz fəaliyyət ərazisində, meşə massivində müvafiq icazə olmadan düşərgə yeri qurmaq müqabilində vətəndaşdan 1 400 ABŞ dolları məbləğində rüşvət tələb edib və alıb.
Təqsirləndirilən şəxs rüşvət şəklində tələb edilmiş vəsaiti alan kimi saxlanılıb, pul isə sübut kimi götürülüb. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin 1-ci hissəsi ilə aparılır, bu isə cəza şəklində 6 ildən 9 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur” – İstintaq Xidmətinin yaydığı məlumatda deyilir.