Maliyyə Nazirliyinin İstintaq Xidməti qanunsuz sahibkarlıq fəaliyyəti üzrə 15 faktı aşkarlayıb, 9 nəfər saxlanılıb

11:19, 01.10.2026

 

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Acara, Sameqrelo və Şida Kartli regionlarında qanunsuz fəaliyyət göstərən 15 valyuta dəyişmə məntəqəsini üzə çıxarıblar.

“İstintaqla, qeyd olunan məntəqələrin fəaliyyətlərini Gürcüstan Milli Bankının müvafiq icazəsi olmadan, qanunvericiliklə müəyyən edilmiş tələbləri pozaraq həyata keçirdikləri müəyyən edilib.

Məhkəmənin qərarı əsasında 15 ünvanda axtarış aparılıb, xüsusilə külli miqdarda gürcü və xarici valyuta, kompüter texnikası və müvafiq avadanlıqlar götürülüb.

Müsadirə edilən valyutanın ümumi dəyəri 356 000 larini keçir. Həyata keçirilmiş tədbirlər nəticəsində 16 şəxs barəsində cinayət təqibinə başlanılıb, onların 9-u saxlanılıb.

Qeyd olunan cinayət əməllərində iştirak edən digər şəxslərin müəyyən olunması məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir” – İstintaq Xidmətindən bəyan edirlər.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 192-ci maddəsinin 1-ci və 2-ci hissəsinin “b” yarımbəndi ilə aparılır, bu da cəza tədbiri olaraq 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

Oxşar