Maliyyə Nazirliyinin İstintaq Xidməti qanunsuz fəaliyyət göstərən 22 valyuta mübadilə məntəqəsi aşkarlayıb
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Acara və Quriya bölgələrində qanunsuz fəaliyyət göstərən 22 valyuta mübadilə məntəqəsi aşkarlayıblar.
İstintaq Xidmətinin məlumatına görə, aparılan araşdırma nəticəsində müəyyən edilib ki, həmin valyuta mübadilə məntəqələri qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmayan şəkildə fəaliyyət göstərib və Gürcüstan Milli Bankının müvafiq icazəsi olmadan işləyib.
Genişmiqyaslı tədbirlər çərçivəsində məhkəmə qərarı əsasında eyni vaxtda 22 ünvanda axtarış keçirilib. Axtarışlar zamanı xüsusilə külli miqdarda Gürcüstan və xarici valyuta, kompüter avadanlığı və valyuta mübadiləsi üçün istifadə olunan digər ləvazimatlar maddi sübut kimi götürülüb.
Aşkarlanaraq götürülən valyutanın ümumi dəyəri 500 min laridən çoxdur.
Hazırda bu qanunsuz fəaliyyətlərdə iştirak edən şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq tədbirləri davam etdirilir.
Araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 192-ci maddəsinin ikinci hissəsinin “a” bəndi ilə aparılır. Həmin maddə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.