Maliyyə Nazirliyinin İstintaq Xidməti qanunsuz fəaliyyət göstərən 22 valyuta mübadilə məntəqəsi aşkarlayıb

14:00, 17.07.2026

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Acarıstan və Quriya bölgələrində qanunsuz fəaliyyət göstərən 22 valyuta mübadilə məntəqəsi aşkarlayıblar.

İstintaq Xidmətinin məlumatına görə, aparılan araşdırma nəticəsində müəyyən edilib ki, sözügedən valyuta mübadilə məntəqələri qanunvericiliklə müəyyən edilmiş tələblərə zidd şəkildə təşkil olunub və Gürcüstan Milli Bankının müvafiq icazəsi olmadan fəaliyyət göstərib.

Genişmiqyaslı tədbirlər çərçivəsində məhkəmə qərarı əsasında 22 ünvanda eyni vaxtda axtarış keçirilib. Axtarış zamanı xüsusilə külli miqdarda Gürcüstan və xarici valyuta, kompüter avadanlıqları və valyuta konvertasiyası üçün istifadə olunan müvafiq ləvazimatlar aşkar edilərək götürülüb.

Götürülən valyutanın ümumi dəyəri 500 min laridən çoxdur.

Hazırda qeyd olunan cinayət əməllərində iştirak edən şəxslərin müəyyən edilməsi məqsədilə istintaq tədbirləri intensiv şəkildə davam etdirilir.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 192-ci maddəsinin ikinci hissəsinin “a” bəndi ilə aparılır. Həmin maddə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Oxşar