Maliyyə Nazirliyinin İstintaq Xidməti xüsusilə böyük miqdarda aksiz markasız siqaretin saxlanılması faktı üzrə bir nəfəri saxlayıb
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları tərəfindən, Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti Polis Departamenti ilə koordinasiyalı şəkildə həyata keçirilmiş tədbirlər nəticəsində, markalanmalı olan xüsusilə böyük miqdarda aksizli malların aksiz markası olmadan saxlanılması faktı üzrə bir nəfər saxlanılıb.
“İstintaq hərəkətləri nəticəsində Sameqrelo bölgəsində təqsirləndirilən şəxsdən satış üçün nəzərdə tutulmuş və ümumi bazar dəyəri 179 000 laridən çox olan 38 190 qutu aksizsiz siqaret götürülüb” – istintaq xidmətindən bildirilib.
İstintaq Gürcüstanın Cinayət Məcəlləsinin 200-cü maddəsinin 3-cü hissəsi ilə aparılır, bu isə cəza olaraq 6-dan 8 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur. Təqsirləndirilən şəxsin cinayətkar fəaliyyətində iştirak edən digər şəxslərin müəyyən edilməsi və aşkar edilməsi məqsədilə müvafiq tədbirlər görülür.