Maliyyə Nazirliyinin Gəlirlər Xidməti bəyanat yayır
Maliyyə Nazirliyinin Gəlirlər Xidməti bəyanat yayır

 

Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti bəyanat yayır.

Bəyanatda qeyd edildiyi kimi, media vasitələri tərəfindən yayılan və qaz məhsulları ilə yüklənmiş avtomobillərin əks olunduğu şəkil və videomaterial gömrük-keçid məntəqələrində, o cümlədən “Ğazbeqi” gömrük keçid məntəqəsindəki real vəziyyəti əks etdirmir.

“Gəlirlər Xidməti Gürcüstanda erməni yüklərinin, o cümlədən qaz məhsullarının guya “bloklanması” ilə bağlı bəzi media vasitələri və müxalifət partiyalarının nümayəndələri tərəfindən verilmiş növbəti dezinformasiya xarakterli bəyanata münasibət bildirir və bunun tamamilə yalan olduğunu, ictimaiyyəti çaşdırmağa, qurumu gözdən salmağa və mövzunun siyasi müstəviyə çəkilməsi cəhdinə xidmət etdiyini izah edir.

Buradaca izah etmək istərdik ki, artan yük dövriyyəsi şəraitində, beynəlxalq daşımalarla məşğul olan nəqliyyat vasitələrinə yönəlik bütün gömrük prosedurları xüsusi/fəal rejimdə həyata keçirilir ki, onların hərəkəti maneəsiz şəkildə təmin olunsun. Bununla yanaşı, Gürcüstan miqyasında bütün gömrük-keçid məntəqələrində gömrük zabitləri 24 saatlıq rejimdə həm fiziki şəxslərin, həm də minik və sərnişin avtomobillərinin yoxlama prosedurlarını operativ şəkildə həyata keçirmək üçün tam hazır vəziyyətdədirlər.

Maliyyə Nazirliyinin Gəlirlər Xidməti xüsusilə vurğulayır ki, media vasitələri tərəfindən yayılan şəkil və videomaterial (qaz məhsulları ilə yüklənmiş avtomobillər) gömrük-keçid məntəqələrində, o cümlədən qısa müddət ərzində yük avtomobillərinin hərəkətində cüzi ləngimə yaranmış və tamamilə aradan qaldırılan “Ğazbeqi” gömrük-keçid məntəqəsindəki real vəziyyəti əks etdirmir.

Son bir ilin göstəricilərinə əsasən, “Ğazbeqi” gömrük-keçid məntəqəsi vasitəsilə hər iki istiqamətdə 364 670 yük avtomobili üçün gömrük rəsmiləşdirilməsi həyata keçirilib.

Maliyyə Nazirliyinin Gəlirlər Xidməti tərəfindən gömrük nəzarəti prosedurları ciddi monitorinqə tabedir və bu proses gələcəkdə də davam etdiriləcək. Bununla yanaşı, hamının təsdiqlənməmiş və yanlış məlumatı yaymaqdan çəkinməsi bir daha bizim çağırışımızdır” – Gəlirlər Xidmətinin bəyanatında deyilir.