Maka Boçorişvili Vaşinqtonda “Siyasi terrorizmin yenidən fəallaşması haqqında” nazirlər toplantısında çıxış edib
Gürcüstanın Baş nazir müavini və xarici işlər naziri Maka Boçorişvili ABŞ dövlət katibi Marko Rubionun dəvəti ilə Vaşinqtonda keçirilən “Siyasi terrorizmin yenidən fəallaşması haqqında” nazirlər toplantısında iştirak edib və tədbirdə çıxış edib.
Xarici işlər naziri çıxışında siyasi terrorizm məsələsinin beynəlxalq gündəliyə çıxarılmasının müasir təhlükəsizlik çağırışları fonunda xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
“Bu müzakirə xüsusilə vaxtında keçirilir. Çünki bu gün milli maraqlarımıza, suverenliyimizə və təhlükəsizliyimizə birbaşa təsir göstərən mürəkkəb və daim dəyişən çağırışlarla üz-üzəyik. Dünyada radikal qruplar müxtəlif ideologiyalar adı altında fəaliyyət göstərirlər və çox vaxt bunu demokratiya adı ilə edirlər. Halbuki onların məqsədi demokratik institutları gücləndirmək deyil, əksinə, onları zəiflətməkdir”, – deyə Maka Boçorişvili bildirib.
Nazirin sözlərinə görə, Gürcüstan bu çağırışların bariz nümunəsidir və son illərdə ölkədə demokratik institutların zəiflədilməsinə yönəlmiş çoxsaylı cəhdlər müşahidə olunub.
“Son bir neçə il ərzində müxtəlif bəhanələrlə cəmiyyətimizin qütbləşdirilməsi və demokratik institutların sarsıdılması istiqamətində bir sıra cəhdlərin şahidi olmuşuq. Dövlət institutlarını, o cümlədən məhkəmə sistemini, seçki sistemini və digər konstitusion orqanları nüfuzdan salmağa yönəlmiş koordinasiyalı kampaniyalar gördük.
Həmçinin radikal qrupların zorakılıq və sabotaj aktlarından siyasi alət kimi istifadə etməyə çalışdıqlarının da şahidi olduq”, – deyə Baş nazir müavini qeyd edib.
Maka Boçorişvili beynəlxalq institutlardan siyasi məqsədlər naminə istifadənin yaratdığı risklərə də toxunaraq bildirib ki, bu cür addımlar həm dövlətlərarası münasibətlərə, həm də beynəlxalq təşkilatların nüfuzuna zərbə vurur.
“Bundan daha az narahatedici olmayan məqam isə suveren dövlətlərə siyasi təzyiq göstərmək məqsədilə qətnamələr və digər mexanizmlər vasitəsilə beynəlxalq institutlardan istifadə olunmasıdır. Bu, eyni zamanda həmin institutların nüfuzuna və etibarlılığına da xələl gətirir”, – deyə nazir vurğulayıb.
Çıxışının sonunda Maka Boçorişvili bildirib ki, siyasi terrorizm çox vaxt görünməyən formalarda təzahür edir və onunla mübarizə demokratik dövlətlərin ortaq vəzifəsidir.
“Bu məsələ hamımızı narahat etməlidir. Çünki siyasi terrorizm hər zaman açıq şəkildə görünmür. O, qorxutma, siyasi zorakılıq və demokratik institutların sistemli şəkildə zəiflədilməsi cəhdləri şəklində özünü göstərə bilər. Bu, öz institutlarını, suverenliyini və xalqının iradəsini qorumağa sadiq olan bütün demokratik dövlətlər üçün ümumi çağırışdır”, – deyə Maka Boçorişvili bildirib.