Maka Boçorişvili serbiyalı həmkarı ilə görüşüb
Maka Boçorişvili serbiyalı həmkarı ilə görüşüb

Serbiya Respublikasına rəsmi səfəri çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili serbiyalı həmkarı Marko Curiç ilə görüşüb.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə nazirlər Gürcüstanla Serbiya Respublikası arasında münasibətlərin gündəliyində duran məsələləri, həmçinin ikitərəfli dialoqun dərinləşdirilməsi imkanlarını müzakirə ediblər.

Məlumata əsasən, azad ticarət sazişinin imzalanması perspektivlərinə də toxunulub. Həmçinin iki ölkədə investisiya layihələrinin həyata keçirilməsi və bu istiqamətdə təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

“Nazirlər iki ölkənin suverenliyi və ərazi bütövlüyünə, Gürcüstan və Serbiya Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində qəti qarşılıqlı dəstəyi bir daha təsdiqləyiblər. Avrointeqrasiya yolunda mövcud çağırışlar və bu istiqamətdə gələcək işlərin davam etdirilməsinin zəruriliyi qeyd olunub”, – Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Gürcüstanın xarici işlər naziri Serbiya Respublikasında Gürcüstan Prezidenti Mixeil Kavelashvilinin rəsmi səfəri çərçivəsində səfərdədir.