Maka Bocorişvili Qətərin ticarət və sənaye naziri Şeyx Faysal bin Tani Al-Tani ilə görüşüb
Gürcüstanın vitse-baş naziri, xarici işlər naziri Maka Bocorişvili Qətər Dövlətinə rəsmi səfəri çərçivəsində Qətərin ticarət və sənaye naziri Şeyx Faysal bin Tani Al-Tani ilə görüşüb.
Xarici İşlər Nazirliyinin məlumatına əsasən, görüşdə tərəflər Gürcüstan və Qətər arasında ticari-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və investisiya əlaqələrinin genişləndirilməsi perspektivlərini, o cümlədən iki ölkə arasında preferensial ticarət sazişinin bağlanması imkanını müzakirə ediblər.
Gürcüstanda cari və planlaşdırılan investisiya layihələrinə, həmçinin iqtisadiyyatın müxtəlif sektorlarına Qətər investisiyalarının cəlb edilməsi məsələlərinə diqqət yönəldilib.
Həmçinin səfər çərçivəsində xarici işlər naziri Qətər İş Adamları Assosiasiyasının üzvü, “Al Qasr Group”un rəhbəri Şeyx Nayef bin Eid Al-Tani ilə görüşüb. Görüşdə tərəflər qrupun Gürcüstanda cari investisiya layihələrini və investisiya fəaliyyətinin gələcəkdə daha da genişləndirilməsi məsələlərini müzakirə ediblər.