Maka Bocorişvili Özbəkistan Respublikasının xarici işlər naziri ilə görüşüb
Maka Bocorişvili Özbəkistan Respublikasının xarici işlər naziri ilə görüşüb

 

Səmərqənddə YUNESKO-nun Baş Konfransı çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili Özbəkistan Respublikasının xarici işlər naziri Bəxtior Saidov ilə görüşüb.

Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına əsasən, tərəflər siyasi, iqtisadi, mədəni-humanitar və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də daxil olmaqla, ikitərəfli və çoxtərəfli münasibətlərin geniş spektrini müzakirə ediblər. Yüksək və ali səviyyəli səfərlərin dinamikası qeyd edilib, bu isə Gürcüstan və Özbəkistan arasında bütün sahələrdə əlaqələrin inkişafına kömək edir.

Nazirlər Avropa və Asiyanın əlaqələndirilməsi baxımından Gürcüstanın çox mühüm rolu və Orta Dəhlizin inkişaf perspektivləri haqda danışıblar.

Son illərdə Gürcüstan və Özbəkistan arasında ticarət dövriyyəsi, eləcə də Gürcüstana gələn özbək ziyarətçilərin sayının artması məmnuniyyətlə qeyd edilib.

Regionda və dünyada mövcud təhlükəsizlik mühiti və çağırışlar müzakirə olunan məsələlər arasında idi. Nazirlər bu istiqamətdə birgə səylərin əhəmiyyətini vurğulayıblar.