Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili İsrail Dövlətinin Gürcüstandakı səfiri Valid Abu Haia ilə görüş keçirib.
Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına əsasən, nazir İsrailin səfirini vəzifəyə təyin olunması münasibətilə təbrik edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb. Səfir Valid Abu Haia İsrailin xarici işlər nazirinin dəvətini Maka Bocorişviliyə təqdim edib.
Görüş çərçivəsində Gürcüstan və İsrail arasında mövcud tərəfdaşlıq münasibətləri, gələcək əməkdaşlığın prioritetləri və müxtəlif sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi imkanları müzakirə olunub.
Tərəflər beynəlxalq formatlarda sıx əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bir daha təsdiqləyiblər.
Nazir İsrail və “HƏMAS” arasında Qəzza sülh planının birinci mərhələsinə dair razılaşmanı təqdir edib, Amerika Birləşmiş Ştatları və şəxsən prezident Trampın bölgədə sülhün əldə olunmasında xüsusi səy və töhfələrini vurğulayıb. Xarici işlər naziri Gürcüstanın münaqişənin sülh yolu ilə həlli və girovların azad edilməsi məsələsində dəstəyini bir daha təsdiqləyib.