Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili İsrail Dövlətinə rəsmi səfəri çərçivəsində İsrail Knessetinin sədri Amir Ohana ilə görüş keçirib.
Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatında, görüş zamanı gürcü və yəhudi xalqları arasında tarixi əlaqələr və iki ölkə arasında mövcud dostluq münasibətlərinin qeyd olunduğu deyilir.
“İki ölkənin qanunverici orqanları arasında əməkdaşlıq və ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində parlament ölçüsünün mühüm roluna toxunulub. Bu kontekstdə Gürcüstan-İsrail parlament dostluq qruplarının səmərəli fəaliyyəti qeyd olunub. Ticarət-iqtisadi və xalqlararası əlaqələrin dərinləşdirilməsi məsələsinə xüsusi diqqət ayrılıb. Həmçinin, regionda mövcud təhlükəsizlik mühitinə toxunulub” – Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatında deyilir.