Maka Bocorişvili İspaniyada BMT-nin 4-cü Beynəlxalq Konfransında iştirak edəcək
Maka Bocorişvili İspaniyada BMT-nin 4-cü Beynəlxalq Konfransında iştirak edəcək

 

Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili BMT-nin 4-cü Beynəlxalq Konfransında iştirak etdiyi İspaniya Krallığında səfərdədir.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında, konfransın dayanıqlı inkişafın maliyyələşdirilməsi məsələlərinə həsr olunduğu deyilir.

“Qeyd olunan konfrans BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (SDGs) nail olmaq üçün beynəlxalq maliyyə arxitekturasının islahatı və maliyyənin səfərbər edilməsi üzrə müzakirənin aparıldığı mühüm beynəlxalq platformanı təmsil edir. Konfransda dünyanın 70-dən çox dövlətinin və hökumətinin başçıları, xarici işlər və maliyyə nazirləri, eləcə də digər yüksək səviyyəli rəsmi şəxslər iştirak edirlər. BMT-nin baş katibi Antonio Qutiereş və İspaniyanın Baş naziri Pedro Sançes konfrans iştirakçılarına müraciət edəcəklər. İspaniya Kralı VI Felipe konfransın açılışını edəcək. Maka Bocorişvili tədbirin ümumi debatları çərçivəsində çıxış edəcək və çıxışında Gürcüstanın dayanıqlı inkişaf məqsədlərinə nail olmaq prosesindəki roluna, Gürcüstanın regional roluna və iqtisadi sabitlik, maliyyə dayanıqlığının qorunub saxlanması və artım baxımından ölkənin təcrübəsinə diqqət yönəldəcək. Həmçinin, səfər çərçivəsində Maka Bocorişvilinin həmkar nazirlərlə ikitərəfli görüşləri planlaşdırılır” – Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.