Maka Bocorişvili Çin Xalq Respublikasının Gürcüstandakı səfiri ilə görüşüb
Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili Çin Xalq Respublikasının Gürcüstandakı səfiri Cou Tsien ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında Çin səfirinin Maka Bocorişvilini vəzifəyə təyin olunması münasibətilə təbrik etdiyi və ona bu vəzifədə uğurlar arzuladığı deyilir.
Görüşdə tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlığın geniş spektrini müzakirə ediblər. Gürcüstan və Çin arasında strateji tərəfdaşlıq nəticəsində formalaşan münasibətlər vurğulanıb.
Siyasi, ticarət-iqtisadi, turizm, mədəni-humanitar və xalqlararası münasibətlər sahəsində əməkdaşlığın dərinləşdirilməsi potensialına toxunulub.
Həmçinin, tərəflər geniş regionda cari prosesləri və çağırışları müzakirə ediblər.
Səfir Çinin Gürcüstana sarsılmaz dəstəyini bir daha təsdiqləyib.
Görüşün sonunda tərəflər Gürcüstan və Çin arasında nəticəyönümlü əməkdaşlığın gələcəkdə də səmərəli şəkildə davam edəcəyinə ümidvar olduqlarını bildiriblər.