Maka Bocorişvili - Biz Brüssel tərəfindən yanlış təsəvvürlərin necə yaradılmasının və buna uyğun olaraq, sonra nəsə siyasətin yürüdülməsinin ən yaxşı nümunəsiyik
Biz Brüssel tərəfindən yanlış təsəvvürlərin necə yaradılmasının və bu yalnış təsəvvürlərə uyğun olaraq, sonra artıq nəsə siyasətin yürüdülməsinin ən yaxşı nümunəsiyik – bu haqda xarici işlər naziri Maka Bocorişvili Gürcüstanın Birinci Kanalının “Günün mövzusu” verilişində açıqlayıb.
“Gürcüstan bunun çox gözəl nümunəsidir. Bu aydındır və hər şeyə öz adını qoyaq, Gürcüstanda hakimiyyət dəyişikliyi planlaşdırılırdı. Kimin nəyi və harada planlaşdırdığı başqa məsələdir, lakin Avropa və Avropa İttifaqı bu prosesdə alət kimi istifadə olunurdu və indi də istifadə olunur. Bu, adi alətdir, bu halda ölkəmizin Avrointeqrasiya prosesi, bu isə bizim üçün milli maraq kəsb edir və çox mühüm məsələdir, lakin kimsə qərar verib ki, bu məsələdən bu ölkəni manipulyasiya etmək üçün istifadə edilə bilər” – Bocorişvili bildirib.
Verilişin aparıcısı qonaqdan Gürcüstan hakimiyyətinin bu cür bəyanatlarını anti-Qərb ritorikası hesab edən Qərb liderlərinin bəyanatlarını necə qiymətləndirəcəyini soruşdu və Maka Bocorişvili cavab verdi ki, həqiqətə və Gürcüstanın öz milli maraqlarının olduğuna eyham vuran hər şey anti-Qərb ritorikası olaraq elan edilib.
“Biz heç vaxt deməmişik ki, Avropa İttifaqında olmaq bizim milli maraqlarımıza uyğun deyil. Əksinə, biz hər zaman deyirdik ki, Avropa İttifaqında olmaq bizim milli maraqlarımızdır. Hesab edirik ki, buna yalnız dialoq yolu ilə nail olmaq olar. Bu gün biz ondan danışırıq ki, Brüsselin bürokratiyası demokratik yolla seçilmiş hakimiyyətlə danışmamaq qərarını verib və bu, burada nəyisə dəyişmək üçün alət ola bilər. Ölkədə seçkilər keçirildi, ölkənin hakimiyyəti var, Gürcüstanın Avropa İttifaqına üzv olmasından danışırıqsa, demokratiya olaraq başa düşdüyümüz – seçicilərin, xalqın arxasında dayandığı hakimiyyətlə dialoq olmasa, Gürcüstan Avropa İttifaqına üzv ola bilməz. Beləliklə, Brüssel demokratik hakimiyyətə məhəl qoymamağa başlasa və buna davam etsə, bu proses zərər görəcək və Gürcüstana qarşı həqiqətən də xoş niyyətlərin olmasından danışmaq yersiz və yanlış olacaq.
Biz yaxşı bilirik ki, Avropa İttifaqına inteqrasiya iqtisadi inkişaf və islahatlar aparılmasını tələb edir. Bunlar ucuz islahatlar deyil, kifayət qədər bahalı islahatlardır. Gürcüstanın bu gün Almaniya və Fransa kimi ölkə olması üçün pula, islahata və iqtisadi inkişafa ehtiyacı var. Sadə dillə desək, bütün bunlar belədir. Sabitlik və sülh olmasa, biz heç vaxt bütün bunlara nail ola bilməyəcəyik və vətəndaşlarımıza daha yaxşı həyat səviyyəsi təklif edə, verə bilməyəcəyik, buna görə də Avropanı bəyənirik, istəyirik və ora tələsirik. Əlbəttə, bunun üçün çox ölçülüb-biçilmiş, sabit inkişaf və siyasət lazımdır və xoşbəxtlikdən, bu gün Gürcüstanda asanlıqla manipulyasiya edilə bilməyən və ya təhdidlərlə hərəkətə keçməyə məcbur edilə bilməyən bir hakimiyyət var.
Biz bu vaxtadək çox düzgün hərəkət etmişik, bu gün münasibətlərimizdə üzləşdiyimiz tənqid və çətinliklərə baxmayaraq, bir çox düzgün addımlar atmışıq. Buna baxmayaraq, ölkəmizdə əsas şeyi, sabitliyi və təhlükəsizliyi qoruyub saxlaya bilmişik, bu həqiqətən də çox böyük təhlükə ilə üz-üzə idi” – Maka Bocorişvili bildirib.