Maka Bocorişvili - Avropa İttifaqı ilə münasibətlərdə bugünkü vəziyyət yaxşı deyil, lakin biz əminik ki, müəyyən vəziyyətlər ola bilsin dəyişsin və tamamilə fərqli imkanlar ortaya çıxsın
Avropa İttifaqı ilə münasibətlərdə bugünkü vəziyyət yaxşı deyil, lakin biz əminik ki, müəyyən vəziyyətlər ola bilsin dəyişsin və tamamilə fərqli imkanlar ortaya çıxsın – bu haqda Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili bildirib.
O, son dövrlərdə əməkdaşlığın dinamikasının çox dəyişdiyini bildirib.
“Bizim ənənəvi tərəfdaşlarımız, müttəfiqlərimiz və dostlarımız Gürcüstanın daxili işlərinə müdaxilə və təzyiq göstərmək baxımından bir nömrəli tənqidçiyə və demək olar ki, bayraqdarlara çevrildilər. Bu halda mən avropalı tərəfdaşlarımızdan bəhs edirəm. Onların bu cür hərəkətinin əsasının nə olması ayrıca mövzudur. Mən bunu regionumuzda artan təhlükəsizlik çağırışları ilə əlaqələndirirəm, böyük regionu – Avropanı nəzərdə tuturam. Məsələ burasındadır ki, müəyyən qorxular var və bəzi tərəfdaşlarımızın Gürcüstana münasibətdə kəskinləşən reaksiyalarını məhz qorxularla izah edə bilərik” – Maka Bocorişvili bildirib və əlavə edib ki, Gürcüstan da bu dəyişikliklərdən mühüm dərs çıxarır, bu da gələcəkdə münasibətlərin normallaşması üçün faydalı olacaq.
“Bu gün yaxşı olmayan vəziyyət mövcuddur. Gürcüstanla Avropa İttifaqı arasında münasibətlərin vəziyyəti heç kimin xoşuna gəlmir. Lakin, biz dərindən əminik ki, məhz eşitdiyimiz bəyanatlara əsasən müəyyən vəziyyətlər ola bilsin çox tezliklə dəyişsin və tamamilə fərqli imkanlar ortaya çıxsın” – nazir bildirib.
Maka Bocorişvili avropalı tərəfdaşlarla ünsiyyətin diplomatik kanallar vasitəsilə davam etdiyini bildirib.
“Biz hey deyirik ki, əməkdaşlıq normal şəraitdə münasibətlərin inkişaf etdiyi formata keçməlidir. Bu lazımdır. Deyiləcək bir şey varsa, deyilməlidir, lakin onun müəyyən formaları var. Kifayət qədər təhqiredici və eşitməyə məcbur olduğumuz bəyanatlar verildikdə, sonra qətnamələr qəbul edildikdə, bütün bunları yenidən danışıqlar masası arxasına keçirmək, ciddi müzakirə etmək çox çətindir, amma biz bunu edirik” – xarici işlər naziri qeyd edib.
Maka Bocorişvili izah edib ki, bu ünsiyyət və söhbət mütləq davam etməlidir, çünki bu olmadan münasibətlər inkişaf edə bilməz.