Maka Boçorişvili: “Avropa İttifaqı ilə dialoqdan heç vaxt imtina etməmişik, lakin bizə ittiham edirlər ki, guya belə etmişik. Prosesin siyasi alət kimi istifadə olunması genişlənmə və üzvlük ideyasına zərər vurur”
Gürcüstan heç vaxt Avropa İttifaqı ilə dialoqdan imtina etməyib, Gürcüstan heç vaxt prosesi dayandırmayıb, lakin bizə bunun əksini etdiyimizlə bağlı ittihamlar irəli sürülür, – bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Yunanıstanda keçirilən “Delfi İqtisadi Forumu” çərçivəsində “Aralıq dənizindən Qara dənizə: Avropanın təhlükəsizliyinin yeni tağı” adlı paneldə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Avropaya inteqrasiya prosesinin siyasi alət kimi istifadə olunması sonda genişlənmə və üzvlük ideyasına zərər vurur.
“Son illərdə gördüyümüz bir şey var, xüsusilə də Aİ üzvlüyünə müraciətdən sonra, və bunu demək mənim üçün xoş deyil, amma deməliyəm ki, Avropaya inteqrasiya Gürcüstanda getdikcə daha çox siyasi alət kimi istifadə olunur. Bu, bütün prosesə zərər vurur. Bu, qarşısı alınmalı bir haldır – Avropaya inteqrasiyanın silaha çevrilməsi. Bizə bu prosesin alətə çevrilməsi lazım deyil, çünki nəticədə bu, genişlənmə və üzvlük ideyasına zərər vurur.
Bu, Gürcüstanın yerləşdiyi mürəkkəb geosiyasi kontekstdə xüsusilə çətindir. Ona görə də gəlin səmimi və ədalətli olaq: dialoqdan danışarkən, Gürcüstan heç vaxt, heç bir halda Aİ ilə dialoqdan imtina etməyib. Gürcüstan heç vaxt prosesi dayandırmayıb, amma bizə bunun əksini etdiyimiz deyilir. Gürcüstanla danışıqlar prosesi heç vaxt başlamayıb. Bu, Avropa qərarıdır. Biz bunu tez-tez deyirik. Avropa liderləri Gürcüstanla danışıqların açılması barədə qərar qəbul etdikdə, Gürcüstan buna hazır olacaq.
Biz, əlbəttə, anlayırıq ki, bu, kifayət qədər mürəkkəb bir prosesdir və yalnız Avropa tərəfinin qərarlarından ibarət deyil. Biz çox yaxşı bilirik ki, nə etməliyik. Birinci və ən vacib məsələ ölkədə təhlükəsizlik və sabitliyin təmin edilməsidir – bu, əsas bazadır. Bu olmadan başqa mövzulardan danışmaq çox çətin olacaq. Buna görə ölkədə sabitliyin qorunması bizim əsas prioritetimizdir. İkinci istiqamət isə iqtisadi inkişaf dinamikasının qorunmasıdır, bu göstəricilər kifayət qədər təsir edicidir, lakin biz bu artımı davam etdirmək üçün işləməliyik. Bu, Avropa genişlənməsi perspektivindən də vacibdir, çünki sonda Avropa ölkələri arasında rəqabətqabiliyyətli olmalısan. Bu gün Avropa ölkələri Gürcüstandan daha güclü iqtisadiyyata malikdir. Bu baxımdan bizim məqsədimiz Aİ daxilində rəqabətqabiliyyətli ölkə olmaqdır və bu, bir çox islahatlar tələb edir”, – deyə Maka Boçorişvili bildirib.aa