Maka Boçorişvili ATƏT-in Baş katibinə müraciət etdi – Sizin imkanınız olacaq ki, işğal xəttinə yaxın ərazilərdə, ölkənin ortasından keçən tikanlı məftilləri öz gözlərinizlə görəsiniz və işğalın ağır nəticələri ilə tanış olasınız
Fəridun Sinirlioğlunun işğal xəttinə şəxsən səfər edərək, ölkənin ortasından keçən tikanlı məftilləri öz gözü ilə görmək və işğalın ağır humanitar nəticələri ilə tanış olmaq imkanı olacaq – bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ATƏT-in Baş katibi Fəridun Sinirlioğluyla keçirdiyi birgə brifinqdə bəyan edib.
Maka Boçorişvili qeyd edib ki, üzbəüz görüş zamanı regiondakı mövcud vəziyyət müzakirə olunub və Gürcüstanın qarşısında duran çağırışlara nəzər salınıb.
Gürcüstanın xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, Gürcüstanın iki regionu – Abxaziya və Tsxinvali bölgələri Rusiyanın işğalı altındadır və Rusiya tərəfindən Gürcüstanın ərazi bütövlüyü hələ də pozulur.
O həmçinin bildirib ki, Gürcüstan məsələsi ATƏT çərçivəsində müzakirə olunmağa davam etməlidir və münaqişənin dinc yolla həlli üçün hər şey edilməlidir.
“Biz ATƏT-in Cenevrə beynəlxalq danışıqlarında iştirakını yüksək qiymətləndiririk və hadisələrin qarşısının alınması və onlara cavab mexanizmlərinin səmərəli fəaliyyətinə böyük əhəmiyyət veririk. Buna görə də, Qali mexanizminin qeyd-şərtsiz bərpasını zəruri hesab edirik.
Həmçinin, işğal olunmuş ərazilərdə təhlükəsizlik və insan hüquqları ilə bağlı beynəlxalq mexanizmlərə çıxışın təmin edilməsini vacib hesab edirik. Gürcüstan bölgədə sülh və sabitlik istəyir. Buna görə də, Gürcüstan hökumətinin sülhpərvər siyasətinin qətiyyətini bir daha vurğulayıram,” – deyə Maka Boçorişvili bildirib.