Maka Bocorişvili ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin aparat üzvləri ilə görüşüb
Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin aparat üzvlərinin ikipartiyalı nümayəndə heyəti ilə görüşüb. Məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.
Nazirliyin məlumatına əsasən, görüş çərçivəsində tərəflər Gürcüstan-ABŞ münasibətlərinin aktual məsələlərini, regionda cari prosesləri müzakirə ediblər. Bununla yanaşı, regionda sülhün və sabit inkişafın əhəmiyyəti vurğulanıb və Gürcüstanda cari proseslər müzakirə olunub.
“Gürcüstanın regional əlaqələndirici kimi roluna xüsusi vurğu edilib və bu baxımdan Orta Dəhlizin nəqliyyat potensialı müzakirə olunub. Gürcüstan ABŞ-nin regionda fəal iştirakını təqdir edib. Nümayəndə heyətinin üzvləri Birləşmiş Ştatların Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə şərtsiz, iki partiyalı dəstəyini ifadə ediblər və bu istiqamətdə konkret olaraq ABŞ Konqresinin fəal iştirakının rolu qeyd olunub. Söhbət zamanı nümayəndə heyətinin üzvləri Gürcüstanın həm qlobal, həm də regional siyasət və təhlükəsizlik məsələlərində rolunu xüsusi olaraq qeyd ediblər.
Xarici işlər naziri bir daha gürcü tərəfinin ABŞ ilə münasibətləri yenidən başlamaq və strateji tərəfdaşlığı yeniləməklə bağlı istəyini və hazır olduğunu təsdiqləyib” – Xarici İşlər Nazirliyi tərəfindən yayılmış məlumatda qeyd olunub.