Maka Boçorişvili: Abxaziya və Cənubi Osetiyanın qondarma respublikaları ilə bağlı Naurunun qərarı Gürcüstan diplomatik səylərinin qələbəsidir

17:31, 29.07.2026

Maka Boçorişvili: “Naurunun Abxaziya və Cənubi Osetiyanın qondarma müstəqil respublikaları ilə diplomatik münasibətləri dayandırmaq qərarı Gürcüstanın tanımama siyasəti və diplomatik səyləri baxımından çox mühüm qələbədir.”
Bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib.
Onun sözlərinə görə, vaxtilə Naurunun bu qərarı beynəlxalq hüquq və normaların kobud şəkildə pozulması idi.
“Biz daim müxtəlif tərəfdaşlarla işləyirdik ki, bu qərar geri götürülsün. Xüsusilə son dövrdə aparılan işləri qeyd etmək lazımdır ki, bugünkü qərar da məhz həmin səylərin nəticəsidir. İlk növbədə, Gürcüstanın suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq arenada qorunması üçün səylərini əsirgəməyən bütün diplomatları təbrik etmək istəyirəm. Təbii ki, ölkəmizə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi istiqamətində atılan addımlarda uğurlar arzulayıram.
Bu çətin prosesdir, asan deyil. 2008-ci il müharibəsinin ildönümü yaxınlaşır. Həmin müharibənin nəticəsi Abxaziya və Osetiya regionlarının müstəqilliyinin tanınması və təəssüf ki, Rusiyanın bu tanınma ilə bağlı beynəlxalq arenada yaratdığı nəticələr oldu. Biz qanunsuz qəbul edilmiş qərarların geri götürülməsi və ölkənin suverenliyinin, ərazi bütövlüyünün bərpası üçün zəruri addımların atılması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”, – deyə Maka Boçorişvili bildirib.
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, 21 iyul 2026-cı ildə Nauru Respublikasının icraedici orqanı – Nauru Nazirlər Kabineti “Nauru Respublikası ilə Cənubi Osetiya Respublikası (Alaniya Dövləti kimi də tanınır)” və “Nauru Respublikası ilə Abxaziya Respublikası” arasında diplomatik münasibətlərin ləğv edilməsi barədə qərar qəbul edib.

Oxşar