Macarıstanda müxalifət partiyasının lideri Piter Maqiarın tərəfdarları Viktor Orban hökumətinə qarşı aksiya keçiriblər
Macarıstanda müxalifət partiyası “Tisza”nın lideri Piter Maqiarın tərəfdarları Viktor Orban hökumətinə qarşı etiraz aksiyası keçiriblər.
Nümayişdə on minlərlə insan iştirak edirdi. Piter Maqiar tərəfdarları ilə birlikdə yürüşə qatılıb. Aksiyanın iştirakçıları Macarıstan bayraqlarını dalğalandırır və Viktor Orbanın istefasını tələb edirdilər.
Aksiyada çıxış edən Piter Maqiar Macarıstanın Baş naziri Viktor Orbanı getdikcə avtoritarlaşan və korrupsiyalaşmış hökuməti idarə etməkdə günahlandırıb.
“Rusiyanın qoşunlarının Macarıstandan çıxarılmasını tələb edən siyasətçi indi Kremlin ən sadiq müttəfiqidir. O, illərdir öz xalqını aldadır və bütün bunlara görə minnətdarlıq gözləyir. O, hakimiyyətin mərkəzləşdiyi, medianın nəzarət altında olduğu və ölkəni qorxunun idarə etdiyi sistem yaradıb. Gənclər ölkədən qaçırlar. Azadlıq qorxunun bitdiyi yerdə doğulur və bu gün biz artıq qorxmuruq. Biz nə sağçıyıq, nə də solçu, bu gün biz macarıq, milli yürüşdə olsaq da, sülh yürüşündə olsaq da, hamımız macarıq, bizi vətənpərvərlik birləşdirir. Vətən nə siyasətçilərə, nə oliqarxlara, nə də partiyalara məxsusdur, vətən macar xalqınındır və biz indi bu vətəni geri alırıq. İş indi başlayır, qəsəbədən qəsəbəyə, universitet tələbələrindən tutmuş təqaüdçülərə qədər hamı qərar verməlidir: qorxunun tərəfindədirlər, yoxsa azadlığın, gücün, yoxsa macar xalqının. Azadlıq o deməkdir ki, biz ləyaqətli insanların gözdən salınmasına dözməyəcəyik, vətənimizi satmayacağıq. Macar xalqının taleyi Brüsseldə, Vaşinqtonda və ya Moskvada həll olunmur. Gəlin inanaq ki, bu vətən bərpa oluna bilər və övladlarımız daha azad Macarıstanda böyüyəcəklər” – Maqiar bildirib.
O, 2026-cı ildə seçkilərdə böyük fərqlə qalib gələcəyinə əmin olduğunu deyib.
“Altı aydan az müddətdə ölkə seçəcək, macar xalqı suallara cavab verəcək: Şərq və ya Qərb, korrupsiya və ya ləyaqət, Türk Şurası və ya Avropa, təbliğat və ya həqiqət, qeyri-insanilik və ya insanlıq, koloniya və ya azad Macarıstan, “Fides” və ya “Tisza”. Biz 2026-cı ildə seçkilərdə qalib gəlməliyik və biz kiçik fərqlə deyil, böyük fərqlə qalib gələcəyik” – Maqiar bildirib.
Bununla yanaşı, bu gün Budapeştdə 1956-cı ildə kommunist idarəçiliyinə qarşı üsyanın 69-cu ildönümünü qeyd etmək və Viktor Orbanı dəstəkləmək üçün “Sülh marşı” da keçirilib.