Macarıstanda güclü istiyə görə elektrik enerjisinə qənaət üzrə fövqəladə tədbirlər işə salınıb
Macarıstanda rekord isti və elektrik enerjisi istehsalının kəskin azalması fonunda hökumət elektrik enerjisinə qənaət üzrə fövqəladə tədbirlər tətbiq edib. Bu barədə “Associated Press” yazır.
Agentliyin məlumatına əsasən, quraqlıq və Dunay çayında suyun səviyyəsinin rekord həddə azalması səbəbindən ölkənin yeganə atom elektrik stansiyası məhdud rejimdə işləyir. Bu vəziyyət hökuməti enerjiyə qənaət rejimini elan etməyə məcbur edib.
Hakimiyyət iri sənaye müəssisələrinə və əhaliyə müraciət edərək, xüsusilə pik saatlarda, saat 17:00-dan 22:00-dək elektrik enerjisi istehlakını azaltmağı xahiş edib. Eyni dövrdə yük qatarlarının hərəkəti qadağan olunub, Budapeştin görməli yerlərinin işıqlandırılması isə söndürüləcək.
Enerjiyə qənaət məqsədilə hökumət bu həftəyə planlaşdırılan parlament iclaslarını da təxirə salıb.
Elektrik enerjisinin istehlakının azaldılması planlarını artıq bir neçə iri şirkət, o cümlədən energetika şirkəti “Mol”, əczaçılıq istehsalçısı “Gedeon Richter”, eləcə də avtomobil istehsalçıları “Suzuki”, “Mercedes-Benz”, “Audi” və “BMW” elan edib.
Məlumat üçün bildirək ki, avqustun 4-də Macarıstanın Baş naziri Peter Madiar Dunay çayında suyun səviyyəsinin bir qədər qalxması sayəsində “Paks” Atom Elektrik Stansiyasının tam dayanmaqdan xilas olduğunu bəyan edib.