Macarıstan və Rumıniyadan sonra Sloveniya da atom elektrik stansiyasının fəaliyyətini məhdudlaşdırıb
Macarıstan və Rumıniyadan sonra Sloveniya da atom elektrik stansiyasının fəaliyyətini məhdudlaşdırıb. Bu barədə Sloveniyanın STA xəbər agentliyi məlumat yayır.
Medianın məlumatına əsasən, Sloveniyanın Krşko şəhərində yerləşən yeganə atom elektrik stansiyası elektrik enerjisi istehsalını gücünün 80%-nə qədər azaldacaq. Səbəb Sava çayında suyun səviyyəsinin aşağı olması və yüksək temperaturdur. Məhz bu çay reaktoru soyutmaq üçün istifadə olunur. Güc məhdudiyyəti çərşənbə axşamı gecə başlayacaq.
Hidroloji şəraitin daha da pisləşməsi halında elektrik enerjisi istehsalı daha da azala bilər.
Oxşar hadisə 2003-cü ildən bəri ilk dəfə baş verir. O zaman Sava çayında suyun səviyyəsinin aşağı olması səbəbindən atom elektrik stansiyası təxminən üç ay ərzində məhdud gücdə işləyirdi.