Maia Sandu - Rusiya müharibə qorxusundan silah olaraq istifadə etməklə və seçkilərdə yanlış seçimin sülh bahasına başa gələcəyi mesajını verməklə Gürcüstanı öz orbitinə qaytardı
Rusiya Gürcüstanı öz orbitinə qaytardı – bu haqda Moldova Prezidenti Maia Sandu Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı deyib.
Sandu çıxışında Rusiyanın hibrid əməliyyatları haqqında danışıb və Moldova və Gürcüstanın Moskvanın hücumlarının hədəfinə çevrildiyini qeyd edib.
“Moldova bu çağırışlarla üzləşən yeganə ölkə deyil. Biz bütün Avropada oxşar təzyiqi görürük. Qürurla deyə bilərəm ki, Moldova bütün cəmiyyətin səyi ilə bu iki illik hücuma tab gətirib. Vətəndaşlarımız sülhə, Avropaya və demokratiyaya sədaqətini sübut ediblər.
Təəssüf edirəm ki, demokratik dəyərləri, Avropa istəklərini və öz gələcəyinə qərar vermək hüququnu müdafiə etməyə davam edən gürcü xalqının cəsarətinə baxmayaraq, Rusiya müharibə qorxusundan silah olaraq istifadə etməklə və seçkilərdə yanlış seçimin sülh bahasına başa gələcəyi mesajını verməklə Gürcüstanı öz orbitinə qaytardı” – Sandu bildirib.
Moldova Prezidenti Rusiyanın növbəti hədəfinin Ermənistan olduğunu deyib.
“Ermənistan indi suverenliyi zəiflətmək, demokratik seçimə təsir göstərmək və daxili zəiflikdən istifadə etmək məqsədi daşıyan eyni strategiyanın hədəfinə çevrilir. Biz bu təzyiqə müqavimət göstərməyə və demokratik gələcəyini müdafiə etməyə çalışan Ermənistan və onun xalqının yanındayıq” – Maia Sandu bildirib.