Maia Sandu – Moldova Ukraynadan yeni qaçqın axınını qəbul etməyə hazırdır
Qışda Ukraynada ağır humanitar vəziyyət yaranarsa, Moldova Ukraynadan yeni qaçqın axınını qəbul etməyə hazırdır – bu barədə Moldovanın Prezidenti Maia Sandu Təhlükəsizlik Forumunda çıxışı zamanı açıqlayıb.
O, ölkənin neçə nəfər lazım olarsa, bir o qədər insanı qəbul etməyə hazır olduğunu bildirib.
“2022-ci ildən bəri Moldovaya müharibədən qaçan bir milyondan çox ukraynalı gəlib, 100 minə yaxını isə burada ev tapıb. Əgər bu qış Ukraynada vəziyyət bütün dünyanın gözlədiyi qədər ağır olarsa, biz neçə nəfər lazım olarsa, bir o qədər insanı qəbul etməyə hazırıq” – Sandu bildirib.
Moldovanın Baş naziri Dorin Reçan, hakimiyyətin Ukraynadan yeni qaçqın axını ssenarisini nəzərdən keçirdiyini və müvafiq planlara malik olduğunu qeyd edib.
O, hazırlığın yalnız humanitar yardımla məhdudlaşmadığını bildirib. Moldova və Ukraynanın elektrik şəbəkələri bir-biri ilə bağlıdır, buna görə də ölkə ehtimal olunan energetika problemlərinə də hazırlaşmalıdır.
Rusiyanın hücumları nəticəsində Ukraynanın enerji sistemi zərər görərsə, Moldovanın Ukraynaya elektrik enerjisi tədarük edə biləcəyi ilə bağlı suala cavab olaraq Reçan bildirib ki, Moldovanın özü Ukraynanı lazım olan miqdarda elektrik enerjisi ilə təmin edə bilməyəcək. Lakin, o Moldova vasitəsilə Rumıniyadan Ukraynaya elektrik enerjisinin ötürülməsinin mümkün olduğunu deyib.