Maia Sandu – Moldova Avropa İttifaqına 10-20 ilə deyil, yaxın 4 ildə üzv olmalıdır
Moldova Prezidenti Maia Sandu bildirib ki, Moldova Avropa İttifaqına 10-20 ilə deyil, yaxın 4 ildə üzv olmalıdır. Sandu bu barədə parlamentdə çıxışı zamanı danışıb.
Moldova Prezidentinin dediyi kimi, hökumətin əsas məqsədi sülhü və azadlığı qorumaqdır, buna isə Avropa İttifaqında nail olmaq daha asandır.
“Ən çox nə istədiyimizi unutmayaq və bütün daxili narazılıqlara, incikliklərə və fərqliliklərə baxmayaraq, ümumi bir yol ilə irəliləyək, bu yol üç vacib şeyi təmin edəcək: birincisi – ailələrimiz üçün sülh və təhlükəsizlik, ikincisi – sabitlik və milli birlik, üçüncüsü – iqtisadi inkişaf və rifah.
Şübhəsiz, biz Avropa İttifaqında olanda sülh və azadlığı təmin etmək daha asan olacaq. Məhz buna görə Avropa İttifaqına mümkün qədər tez, 10-20 ilə deyil, yaxın 4 ildə qoşulmaq üçün biz gündüz və gecə işləməyə davam etməliyik” – Sandu bildirib.
Bununla yanaşı, Moldova Prezidenti etiraf edir ki, bu, asan olmayacaq, lakin mümkündür.
Moldovada parlament seçkiləri sentyabrın 28-də keçiriləcək.