Lüksemburq Fələstin dövlətini tanımağı planlaşdırır. Bu barədə parlament komissiyasına Baş nazir Luk Friden və Xarici işlər naziri Ksavye Batel məlumat veriblər.
“Politico”nun yerli mediaya istinadən yazdığına görə, Lüksemburqun yekun qərar qəbul etməsi bu ayın sonunda Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında gözlənilir.
Məlumata görə, Lüksemburq bu addımı bir neçə başqa ölkə ilə, o cümlədən Fransa və Belçika ilə koordinasiyada atacaq. Həmin ölkələr də Assambleyada Fələstin dövlətinin tanınmasını elan etməyi planlaşdırırlar.
Qeyd edək ki, ötən həftə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen açıqlamışdı ki, Avropa İttifaqı İsrailə qarşı sanksiyaların tətbiqi məsələsini müzakirə edir. Onun sözlərinə görə, Aİ İsraillə Assosiasiya sazişinin qismən dayandırılması və bir neçə israilli nazirə qarşı sanksiyaların tətbiqi barədə danışıqlar aparacaq.