“Lufthansa” yanacağa qənaət etmək məqsədilə bəzi Avropa marşrutlarını və 20 000 qısa məsafəli uçuşu ləğv edir
Almaniyanın “Lufthansa” aviaşirkəti bəzi Avropa marşrutlarını və 20 000 qısa məsafəli uçuşu ləğv edir. Bu barədə “The Wall Street Journal” yazır.
Qərar oktyabr ayına qədər planlaşdırılmış marşrutlara şamil olunur və məqsəd aviasiya yanacağına qənaət etməkdir. Belə ki, İranla bağlı müharibə fonunda aviaşirkətlər mümkün yanacaq çatışmazlığı riski ilə üzləşiblər.
Şirkətin məlumatına görə, ləğv edilən uçuşlar onun bir neçə törəmə aviaşirkəti tərəfindən həyata keçirilir və bu, ümumilikdə sərnişin daşımaları imkanlarının təxminən bir faiz azalması deməkdir.
“Lufthansa” bildirir ki, ləğv olunan reyslər sayəsində 40 000 metrik tondan artıq aviasiya yanacağına qənaət etmək mümkün olacaq. Şirkətdə qeyd edirlər ki, yay cədvəli üzrə planlaşdırılan uçuşlar üçün yanacaq ehtiyatı əsasən sabit qalacaq.