Litvada Amerika zirehli maşınını bataqlıqdan çıxarıblar, itkin düşən əsgərləri hələ də axtarırlar

16:03, 31.03.2025

 

Litvada Pabrade hərbi poliqonunun ərazisində Amerika zirehli maşınının bataqlıqdan çıxarılması əməliyyatı başa çatıb. Bu barədə məlumatı Litvanın İctimai Yayımçısı yayıb.

Litva Müdafiə Nazirliyindən bəyan edildiyi üzrə, bataqlığa düşən zirehli maşının çıxarılması üçün daha iki zirehli transportyor və xüsusi texnika ayrılmışdı. Əməliyyatda hərbi mühəndislər və dalğıclar iştirak edirdilər.

“Hazırda hadisə yerində amerikalı müstəntiqlər və Litva hərbi polisi işləyir” – Litvanın müdafiə naziri Dovile Şakalene bildirib.

O bildirib ki, Litva hələlik itkin düşən hərbçilər barədə məlumata malik deyil və ABŞ-la razılaşma ilə, bu məlumatı ilk Vaşinqton yayacaq.

Litvanın müdafiə naziri insidentin baş verdiyi təlimləri Amerika tərəfinin təşkil etdiyini deyib.

“Planların tərtib olunmasına və təlimlər zamanı həyata keçirilən tədbirlərə məhz əməliyyatın komandirləri cavabdehdirlər. Bu hadisənin necə baş verdiyini sonrakı mərhələdə öyrənəcəyik, çünki əsgərlər haqqında məlumatımız yoxdur” – Şakalene bildirib.

Litvada keçirilən hərbi təlimlərdə iştirak edən və dörd amerikalı əsgərin idarə etdiyi zirehli maşını martın 26-da bataqlıqda aşkar ediblər. Bu haqda məlumatı Amerikanın Avropa və Afrikadakı komandanlığı yayıb. Həmin gün Varşavada səfərdə olan NATO-nun baş katibi bu hərbçilərin öldüyünü açıqlayıb.

Oxşar