Litva, Latviya və Estoniya gürcü məmurların, eləcə də “Alt-İnfo”nun nümayəndələrinin ölkəyə girişinə qadağa qoyub
Litva, Latviya və Estoniya gürcü məmurların, eləcə də “Alt-İnfo”nun nümayəndələrinin ölkəyə girişinə qadağa qoyub

 
Litva, Latviya və Estoniya gürcü məmurların, o cümlədən deputatların, məhkəmə hakimiyyətinin nümayəndələrinin, eləcə də “Alt-İnfo”nun nümayəndələrinin ölkəyə girişinə qadağa qoyub.

Latviya 16 Gürcüstan vətəndaşının ölkəyə girişinə qeyri-müəyyən müddətə qadağa qoyub. Bu haqda Latviyanın xarici işlər naziri Baiba Braje “X” sosial şəbəkəsində yazıb.

“Mən 16 Gürcüstan vətəndaşını Latviyanın arzuolunmaz şəxslər siyahısına əlavə etdim və onların ölkəyə girişini qeyri-müəyyən müddətə qadağan etdim. Bu qərar İmmiqrasiya Qanununun 61-ci maddəsinin 2-ci hissəsinə əsasən qəbul edilib” – o yazıb.

Müvafiq qərar haqqında Latviyanın Xarici İşlər Nazirliyinin veb səhifəsində də deyilir. Bəyanatda arzuolunmaz şəxs elan edilməsinin səbəbləri və ya konkret olaraq kimin siyahıya salındığı göstərilmir.

Bununla yanaşı, Litvanın Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Litva 74 Gürcüstan vətəndaşının ölkəyə girişinə qadağa qoyub.

“Litva, Latviya və Estoniya onların ərazilərinə girişi qadağan olunmuş şəxslərin siyahısını genişləndirir. Litvanın milli qara siyahısına insan hüquqlarının və əsas azadlıqların kobud və sistemli şəkildə pozulmasına, eləcə də Gürcüstan əhalisinə qarşı repressiyalara görə məsuliyyət daşıyan daha 74 gürcü məmuru salınıb. Litva tərəfindən yeni sanksiya tətbiq edilən şəxslər arasında Gürcüstan Konstitusiya Məhkəməsinin yeddi hakimi, eləcə də Gürcüstan hakimləri, prokurorları, o cümlədən jurnalist Mzia Amağlobelinin əleyhinə yalan ifadə verən və onun qanunsuz həbsinə şərait yaradan polis məmurları var. Etiraz əlaməti olaraq, məmurların qeyri-müvafiq rəftarına görə M. Amağlobeli 38 günlük aclıq aksiyası elan etdi, həyatı ciddi təhlükə altında idi. Litva, Latviya və Estoniya hakim “Gürcü Arzusu” partiyasının ölkə konstitusiyasını, vətəndaş və siyasi hüquqları və beynəlxalq öhdəlikləri kobud şəkildə pozan sistemli hərəkətlərinə qarşı 100 gündən artıqdır etirazını ifadə edən Gürcüstan xalqına qəti dəstəyini ifadə edir. 2024-cü ilin noyabrın 28-də “Gürcü Arzusu”nun nümayəndələri ölkənin Avropa İttifaqına inteqrasiyasının dayandırıldığını elan edərək, etiraz aksiyasının iştirakçılarına, müstəqil media nümayəndələrinə və vətəndaş cəmiyyətinə qarşı genişmiqyaslı repressiyalara başladılar” – bəyanatda deyilir

Bu haqda Litvanın xarici işlər naziri Kiastutis Budrasiu “X” sosial şəbəkəsində yazır.

“Litva insan hüquqlarının ciddi pozuntularına və repressiyalara görə Litvaya girişi qadağan edilənlər siyahısına 74 gürcü məmuru əlavə etdi. Biz Gürcüstan xalqının demokratiya və Avropalı gələcəyə can atmasında yanındayıq” – nazir yazır.

Həmçinin, Estoniyanın xarici işlər naziri Marqus Tsahkna tərəfindən imzalanmış əmr qüvvəyə minib, ona əsasən, Estoniya 55 gürcü prokurorun, hakimin, polisin, parlament üzvü və digər şəxslərin ölkəyə girişinə qadağa qoyub.

“Giriş qadağası siyahısına daha 55 gürcünü əlavə etdik. Siyahıya hakimlər, prokurorlar, polis məmurları və komissarlar, platforma hazırlayanlar və nümayişçilərin məhkəmə sistemi və hüquq-mühafizə orqanları tərəfindən təqib edilməsinə görə məsuliyyət daşıyan parlament üzvləri daxildir. Sadalanan gürcü şəxslər ya zorakılıqda iştirak ediblər, ya da zorakılıqla hədələyiblər. Gürcüstanda nümayişçilərə, jurnalistlərə və müxalifət liderlərinə qarşı tətbiq edilən zorakılıq qəbuledilməzdir, cinayətdir və insan hüquqlarının pozulmasıdır” – Tsahkna bildirib.

Ümumilikdə 83 gürcüyə Estoniyaya giriş qadağan edilib. Estoniyanın Xarici İşlər Nazirliyinin veb səhifəsində ölkəyə girişi qadağan olunmuş şəxslərin siyahısı dərc olunub.