Levan Xabeişvili barəsində həbs qətimkan tədbiri seçildi
Levan Xabeişvili barəsində həbs qətimkan tədbiri seçildi

“Milli Hərəkat”ın siyasi şurasının sədri Levan Xabeişvili barəsində həbs qətimkan tədbiri seçildi.

Qərarı az əvvəl Tbilisi Şəhər Məhkəməsinin hakimi qəbul edib.

Bundan əvvəl müdafiə tərəfi hakim Fiqriya Siqturaşvilinin işdən kənarlaşdırılmasını tələb etmişdi. Vəkilin sözlərinə görə, həmin hakim Xabeişvilinin həbs olunması barədə qərar çıxarmışdı və artıq mövqeyini açıq şəkildə bildirmişdi. Hakimin işdən kənarlaşdırılması ilə bağlı vəsatətə ittiham tərəfi dəstək vermədi. Eyni zamanda, hakim müdafiə tərəfinin vəsatətini təmin etmədi.

Paralel olaraq, məhkəmənin qarşısında Levan Xabeişvilinin tərəfdarları və “Milli Hərəkat”ın nümayəndələri toplaşıblar.

Levan Xabeişvili Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 11 sentyabrda məmurlara rüşvət şəklində pul vəsaiti vəd etməsi ittihamı ilə saxlanılıb. Bu gün isə Gürcüstan Prokurorluğunda keçirilən brifinqdə bildirildi ki, Xabeişviliyə əlavə olaraq daha bir maddə üzrə ittiham irəli sürülüb, bu isə dövlət hakimiyyətinin devrilməsinə çağırışla bağlıdır.

“Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, 2025-ci ilin avqust və sentyabr aylarında ‘Vahid Milli Hərəkat’ın siyasi şurasının sədri Levan Xabeişvili ictimai məkanlarda – televiziya efirlərində və sosial şəbəkələrdə mütəmadi olaraq çağırışlar edirdi və Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşlarına 200 000 ABŞ dolları məbləğində rüşvət vəd edirdi. Bu vəsaiti onların təlim və məşqlərdən imtina etməsi, xidməti vəzifələrini icra etməməsi və lazım gəldikdə qanunla nəzərdə tutulan xüsusi vasitələrdən istifadə etməməsi müqabilində verməyi təklif edirdi. Eyni zamanda, Levan Xabeişvili xüsusilə böyük məbləğdə vəsaiti rüşvət kimi ödəməyi polis əməkdaşlarına da açıq şəkildə vəd edirdi, əgər onlar xidməti fəaliyyətlə bağlı məlumat və məxfi materialları təqdim etsəydilər.

Həmin iş üzrə əlavə toplanmış sübutlar əsasında, Levan Xabeişviliyə Gürcüstan CM-nin 317-ci maddəsi ilə də ittiham irəli sürülüb ki, bu da dövlət hakimiyyətinin devrilməsinə açıq çağırış deməkdir. İstintaq qurumunun məlumatına görə, təqsirləndirilən şəxs 2025-ci ilin iyun ayından televiziya efirlərindən və sosial şəbəkə vasitəsilə vətəndaşları dövlət hakimiyyətinin devrilməsi kimi hərəkətlərə sistematik şəkildə çağırır, bunun üçün isə konkret tarix və məkan göstərirdi.”