Levan Ratiani - Tornike Rijvadzenin səhhəti ilə əlaqədar müsbət dinamikamız var, şokun dərəcəsi azalıb
Birinci Universitet Klinikasının direktoru Levan Ratianinin bəyanatına əsasən, Acara hökumətinin sabiq sədri Tornike Rijvadzenin sağlamlıq vəziyyəti bu mərhələdə müsbət dinamika ilə xarakterizə olunur.
O, şokun dərəcəsinin azaldığını deyib.
“Pasiyent bu gün səhər təxminən 7-nin yarısında gətirilib. Başqa klinikadan gətirilib. Gətirildiyi zaman vəziyyəti kifayət qədər ağır olub, çünki kliniki olaraq travmatik-hemorragik şok müşahidə olunurdu. Bu dəqiqə onun sağlamlıq vəziyyətində müsbət dinamika var, çünki şokun dərəcəsi azalıb. Hemodinamik göstəricilər az-çox bərpa olunub, süni tənəffüs aparatına qoşulu vəziyyətdədir. Protokolla nəzərdə tutulan müalicəvi tədbirlər görülür” – Levan Ratiani bildirib.
Tornike Rijvadze güllə yarası ilə Saqareconun “Geo Hospitals”ına bu gün yerləşdirilib. Rijvadzeni daha sonra Birinci Universitet Klinikasına yerləşdiriblər. Tornike Rijvadzenin işi üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə başladılıb, bu isə özünü öldürmə həddinə çatdırmanı nəzərdə tutur.
Bununla yanaşı, Tornike Rijvadzenin işi üzrə təqsirləndirilən şəxs qismində Dəniz Nəqliyyatı Agentliyinin rəhbəri Aleksi Axvlediani saxlanılıb. Daxili İşlər Nazirliyinin məlumatına əsasən, Axvlediani Gürcüstan Cinayət Məcəlləsinin 238-ci maddəsi ilə saxlanılıb, bu isə odlu silahın diqqətsiz saxlanılmasını nəzərdə tutur.