Levan Moseşvili – Mestia və Telavi hava limanlarının yeni terminalları turist axınının artmasına və iqtisadi inkişafa töhfə verəcək

16:13, 28.08.2026

Mestia və Telavi yerli təyinatlı hava limanlarının sərnişin terminallarının tikintisi ölkə daxilində turist axınının artmasına və iqtisadi inkişafa müsbət təsir göstərəcək. Bu barədə Gürcüstan Hava Limanları İttifaqının rəhbəri Levan Moseşvili bildirib.
Onun sözlərinə görə, Hava Limanları İttifaqı hər iki hava limanının sərnişin terminallarının tikintisi ilə bağlı artıq tender elan edib.
„Bu, ölkədə artan turist axını və daxili sərnişin daşımalarının artması ilə əlaqədardır. Mestia hava limanının terminalı 2010-cu ildə istifadəyə verilib. Bu gün isə Mestia istiqamətində sərnişin axını o qədər artıb ki, mövcud sahə sərnişinlərə daha çox komfort təklif etməyə imkan vermir. Buna görə də qərara gəldik ki, Mestia hava limanı yeni, müasir dizayna malik və daha geniş terminala sahib olsun. Bu, regionun həm turizm, həm də iqtisadi baxımdan inkişafına müsbət təsir göstərəcək“, – deyə Hava Limanları İttifaqının rəhbəri bildirib.
Levan Moseşvilinin sözlərinə görə, yeni sərnişin terminalının tikintisi ilə Telavi hava limanı faktiki olaraq yeni həyat qazanacaq.
„Telavi hava limanına gəlincə, o, illər ərzində fəaliyyət göstərməyib. Yeni sərnişin terminalının tikintisi ilə faktiki olaraq Telavi hava limanına yeni həyat veririk. Bu isə öz növbəsində ölkə daxilində mobilliyə və Kaxeti regionunda turist axınının artmasına kömək edəcək“, – deyə Levan Moseşvili bildirib.

Oxşar