Levan Moseşvili – Kutaisi Hava Limanı inkişafın yeni mərhələsinə qədəm qoyur
3.5 km-lik uçuş-enmə zolağı bizə genişfüzelyajlı hava gəmilərini qəbul etməyə imkan verəcək, bu da daha uzaq məsafələrə uçuşların həyata keçirilməsi, daha çox sərnişinə xidmət göstərilməsi və yük daşımalarına başlanılması imkanını yaradacaq. Bu isə Kutaisi Beynəlxalq Hava Limanını inkişafın yeni mərhələsinə keçirəcək – bu barədə Gürcüstan Hava Limanları Birliyinin baş direktoru Levan Moseşvili Kutaisi Beynəlxalq Hava Limanının 14 illiyinə həsr olunmuş tədbirdə açıqlayıb.
O, ilin sonunda yeni uçuş-enmə zolağının və onunla bağlı infrastrukturun açılışının planlaşdırıldığını bildirib.
Levan Moseşvili Kutaisi Beynəlxalq Hava Limanının inkişafının əhəmiyyətindən, aviaşirkətlərlə tərəfdaşlıqdan və gələcək planlardan danışıb.
“Kutaisi Beynəlxalq Hava Limanının 14 yaşı var, bu gün paralel olaraq əsas tərəfdaş şirkətimiz olan “Wizz Air”in bazasının yaradılmasının 10 illik yubileyini qeyd edirik. Kutaisi Beynəlxalq Hava Limanından 32 istiqamətdə uçuşlar həyata keçirilir, bunlardan 25-i Avropa istiqamətidir, bu da turizm seqmentinin inkişafı üçün çox vacibdir” – Levan Moseşvili bildirib.
O, bildirib ki, aviaşirkətlərlə sıx əməkdaşlıq və yeni istiqamətlərin əlavə edilməsi hava limanı üçün mühüm prioritetlərdən biridir.
Yubiley tədbirində Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Tamar İoseliani, Gürcüstan Hava Limanları Birliyinin baş direktoru Levan Moseşvili, “Wizz Air”in korporativ istiqamətinin rəhbəri Ouen Cons və yerli hakimiyyət nümayəndələri iştirak ediblər.
Yubiley tarixi ilə əlaqədar bir həftə ərzində Kutaisi Beynəlxalq Hava Limanında müxtəlif əyləncəli tədbirlər keçiriləcək. Bununla yanaşı, tərəfdaş şirkətlər tərəfindən sərnişinlər üçün xüsusi təkliflər qüvvədə olacaq.
Məlumatı Gürcüstan Hava Limanları Birliyi yayır.