Levan Moseşvili: Kutaisi Beynəlxalq Hava Limanından 16 ölkənin 32 istiqamətinə uçuşlar həyata keçirilir. Onlardan 25-i Avropa istiqamətidir
Kutaisi Beynəlxalq Hava Limanının inkişafına 14 il əvvəl başlanılıb və sərnişin axınına görə bu gün Gürcüstanın ikinci ən böyük hava limanıdır. Bunu Gürcüstan Hava Limanları İttifaqının baş direktoru Levan Moseşvili bildirib.
Levan Moseşvilinin sözlərinə görə, 14 il ərzində Kutaisi hava limanında bir çox dəyişiklik baş verib – yeni sərnişin terminalı istifadəyə verilib, infrastruktur inkişaf etdirilib və xidmətlərin sayı artırılıb. Hava limanının uğurundan danışan Moseşvili sərnişin axınının artım dinamikasına da toxunub və yeni istiqamətlərin əlavə edilməsi üçün intensiv iş aparıldığını qeyd edib.
“14 il əvvəl Kutaisi hava limanı açıldıqda, ilk il təxminən 12 min 800 sərnişinə xidmət göstərmişdik. 2025-ci ildə bu göstərici 1 milyon 800 min sərnişinə qədər artdı. Hazırda Kutaisi Beynəlxalq Hava Limanından 16 ölkənin 32 istiqamətinə uçuşlar həyata keçirilir. Onlardan 25-i Avropa istiqamətidir.
Biz daim yeni bazarların mənimsənilməsi və yeni istiqamətlərin əlavə edilməsi üzərində işləyirik. Məqsədimiz sərnişinlərin, yerli əhalinin və turistlərin Avropanın müxtəlif istiqamətləri ilə birbaşa əlaqəyə malik olmasına şərait yaratmaqdır. Hədəfimiz dünyanın müxtəlif böyük ölkələrini, şəhərlərini və paytaxtlarını Kutaisi Beynəlxalq Hava Limanı ilə əlaqələndirməkdir”, – Gürcüstan Hava Limanları İttifaqının baş direktoru bildirib.
Levan Moseşvili həmçinin qeyd edib ki, Kutaisidə hava limanının əsas tərəfdaşı olan “Wizz Air” aviaşirkətinin bazasının açılmasından 10 il ötür. Gürcüstan Hava Limanları İttifaqının baş direktoru Macarıstan aviaşirkətini yubiley münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.