Levan Maxaşvili Avronest Parlament Assambleyasına açıq məktubla müraciət edir
Levan Maxaşvili Avronest Parlament Assambleyasına açıq məktubla müraciət edir

 

Gürcüstan Parlamentinin Avropaya İnteqrasiya Komitəsinin sədri Levan Maxaşvili Avronest Parlament Assambleyasına məktubla müraciət edir.

Maxaşvilinin qeyd etdiyi kimi, Avronest Parlament Assambleyasının son vaxtlardakı hərəkətləri Assambleyanın Təsis Aktının və Şərq Tərəfdaşlığının Praqa Sammitinin Birgə Bəyannaməsinin fundamental prinsipləri və məqsədləri ilə uyğunsuzluğuna görə ciddi narahatlığa səbəb olur.

O, Assambleyanın iştirakçıları tərəfindən bir vaxtlar geniş şəkildə paylaşılan çoxtərəfli dialoqun təəssüf ki, keçmişdə qaldığını bildirib.

“Avronest Parlament Assambleyasının fəaliyyətində iştirak edən bəzi avropalı parlamentarilərin, eləcə də bütövlükdə Avropa Parlamentinin düşmənçilik ritorikası və addımlarının tərəfdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə zidd olan əməlindən getdikcə daha çox narahatıq. Qəsdən təhrif olunmuş və yalançı siyasi bəyanatlar getdikcə Gürcüstanda faktlar, dəlillər və gürcü xalqının iradəsi əvəzinə, cinayətə görə mühakimə olunmuş öz siyasi tərəfdaşlarına üstünlük verən avropalı parlamentarilərin əməllərinin bir hissəsinə çevrilir. Gürcü cəmiyyəti bu avropalı parlamentarilərin Gürcüstan Parlamentinin qarşısında keçirilən etiraz aksiyalarına necə qoşulduğunu gördü, bu isə parlament diplomatiyasının hüdudlarından kənara çıxırdı. Avronest Parlament Assambleyasında Avropa Parlamentinin nümayəndə heyətinin bəzi üzvləri ölkəmizdə ictimai iğtişaşları, radikalizmi və zorakılığı təhrik edən bəyanatlar verirdi. Həmçinin, Gürcüstanla bağlı Avropa Parlamenti və Avronest Parlament Assambleyasının qətnamələri və hesabatları gürcü xalqının demokratik şəkildə ifadə olunmuş iradəsini yenə də görməzdən gəlir.

Bununla yanaşı, avropalı parlamentarilərin seçkilərin inkarında, legitim demokratik institutların əsaslarını sarsıtmağa və Gürcüstanda hakimiyyətin devrilməsinə yönəlmiş son cəhdlərdə iştirak etmələrinə və ya dəstəkləmələrinə baxmayaraq, “vətəndaş cəmiyyəti” adı altında o şəxsləri plenar sessiyaya dəvət etmək qərarından biz dərin şəkildə narahatıq. Belə hərəkətlərdən və onlara bağlı zorakılıqdan açıq şəkildə uzaqlaşmaq əvəzinə, Assambleyanın indiki yanaşması demokratik prinsiplərə uymayan gündəlikləri olan şəxsləri legitimləşdirir. Belə ki, bu şəxslərə platforma verməklə Avronest antidemokratik davranışları normallaşdırır və dəstəkləyir, həmçinin zorakı və ya radikal siyasi gündəliyə bəraət qazandırır. Bu isə bu institutun qorumağı hədəflədiyi demokratiya, qanunun aliliyi, dialoq və sülh kimi əsas dəyərlərə tamamilə ziddir.

Tərəfdaş ölkələrin əksəriyyətinin Avronest Parlament Assambleyasının plenar sessiyasında iştirak etməməsi faktı Avropa Parlamentinin indiki yanaşmasının səhv olduğunun ciddi göstəricisi olmalıdır. Avropa Parlamenti düşünməlidir, onun indiki addımları regional əməkdaşlığı gücləndirirmi, yoxsa tərəfdaşlıq körpülərini məhv mi edir? Onun həddindən artıq siyasiləşdirilmiş yanaşması Assambleyanın etibarlılığını, eləcə də Avropa İttifaqı və onunla əlaqəli ölkələr arasındakı tərəfdaşlığı sarsıdır.

Qeyd olunanları nəzərə alaraq, Gürcüstanın parlament nümayəndə heyəti Yerevanda Avronest Parlament Assambleyasının 12-ci plenar sessiyasında iştirak etməkdə təmkinli davranıb. Biz Avronest Parlament Assambleyasını yuxarıda bəhs olunan legitim suallar üzərində düşünməyə və Assambleyanın təsis prinsiplərinə hörmətə qayıtmağa çağırırıq. Yalnız belə bir yenidən düşünmə ilə Avronest Parlament Assambleyası öz əsl missiyasını yerinə yetirə və Şərq Tərəfdaşlığı və onun iştirakçısı olan ölkələr üçün etibarlı platformaya çevrilə biləcək” – Levan Maxaşvili məktubda qeyd edir.