Levan Macavarianinin rəhbərlik edəcəyi Kaxa Kaladzenin seçki qərargahı rəsmən açılıb
Levan Macavarianinin rəhbərlik edəcəyi Kaxa Kaladzenin seçki qərargahı rəsmən açılıb

 

“Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının merliyə namizədinin seçki qərargahı rəsmən açılıb.

Seçki qərargahını merliyə namizədin özü, Tbilisinin hazırkı meri Kaxa Kaladze, baş nazir İrakli Kobaxidze və parlamentin sədri Şalva Papuaşvili ilə birlikdə açıb.

Kaxa Kaladze çıxışında Tbilisi əhalisinə və hakim siyasi komandaya dəstək və əməkdaşlığa görə təşəkkür edib.

“Şəhərimizdə həyata keçirilən layihələrə verdiyi dəstəyə və əməkdaşlığa görə baş nazirə, partiyamızın sədrinə təşəkkür etmək istərdim. Bu dəstək olmadan şəhərin inkişafından danışmaq mümkün olmayacaq. Əminəm və inanıram ki, birgə səylə yalnız paytaxtın deyil, ümumiyyətlə, ölkənin qarşısında duran bütün çağırışların öhdəsindən layiqincə gələ biləcəyik. Birliyimiz və ortaq ruhumuz sayəsində bütün çağırışları mütləq dəf edəcəyik” – Kaxa Kaladze bildirib.

Paytaxt merliyinə namizəd seçki qərargahının rəhbəri kimi Levan Macavarianini təqdim edib və qeyd edib ki, seçki qərargahı istənilən Tbilisi sakininin öz fikirlərini bölüşmək imkanı əldə edəcəyi yer olacaq.

“Hər şeyə rəhbər lazımdır. Ona görə də hamının yaxşı tanıdığı Levan Macavarianini qərargahın rəhbəri kimi təqdim etmək istərdim. O, mübarizə yoldaşımızdır, komandamızın üzvüdür, layiqli insandır və bütün bu müddət ərzində seçki proseslərində fəal iştirak edir. Əlbətdə, komandamızda ona böyük etimad var. O, birinci turdan qələbə qazanmaq və seçkiləri başa vurmaq kimi çox böyük məsuliyyət götürüb. Bu olduqca məsuliyyətli şəraitdə, əlbətdə, bizim, hər birimizin Levan Macavarianiyə və komandamıza dəstəyi çox vacibdir. Levana uğurlar arzulayıram” – Kaxa Kaladze qeyd edib.

Tbilisinin meri bildirib ki, “Gürcü Arzusu” ölkədə uzunmüddətli sülhü qoruyub saxlamaq gücünə malik yeganə siyasi komandadır.

“Əminəm ki, biz birlikdə mütləq qalib gələcəyik, çünki “Gürcü Arzusu-Demokratik Gürcüstan” real olaraq ölkədə uzunmüddətli sülhü qoruyub bərqərar edə biləcək yeganə komandadır. Sülh inkişaf, quruculuq, rifah gətirir. Başqa cür mümkün deyil. Biz heç kimə imkan verməməliyik ki, kiçik, gözəl vətənimizdən öz maraqlarını güdmək üçün istifadə etsin, bununla da ölkənin indiki vəziyyəti və gələcəyinə zərər versin” – paytaxtın meri qeyd edib.

“Gürcü Arzusu-Demokratik Gürcüstan”ın merliyə namizədinin seçki qərargahının açılışında Kaxa Kaladzenin komanda yoldaşları, tərəfdarları, eləcə də biznes, idman və mədəniyyət sahələrinin nümayəndələri iştirak edirdilər.