Levan Jorjoliani Türkmənistan Nazirlər Kabineti sədrinin müavinləri ilə görüşüb
Gürcüstan Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Gürcüstana dövlət səfəri çərçivəsində ölkədə olan Türkmənistan Nazirlər Kabineti sədrinin müavinləri ilə görüşüb.
Gürcüstan hökumətinin məlumatına görə, görüşdə müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın, o cümlədən siyasi və iqtisadi əlaqələrin dərinləşdirilməsi imkanları müzakirə olunub.
“Tərəflər Orta Dəhlizin inkişaf perspektivlərini nəzərdən keçiriblər. Müzakirələr zamanı Gürcüstanın Orta Dəhlizdəki mühüm roluna xüsusi diqqət yetirilib. Levan Jorjoliani Türkmənistan Nazirlər Kabineti sədrinin müavinləri ilə görüşlərdə Gürcüstan hökumətinin Transxəzər dəhlizinin inkişafı istiqamətində həyata keçirdiyi mühüm investisiya layihələri barədə də danışıb”, – deyə Gürcüstan hökumətinin məlumatında bildirilir.
Hökumət Administrasiyasının rəhbəri ilə keçirilən görüşlərdə Türkmənistan Nazirlər Kabineti sədrinin iqtisadi məsələlər üzrə müavinləri Quvanç Aqacanov, Batır Anayev və Nökərqulu Ataquliyev, həmçinin Türkmənistanın ticarət və xarici iqtisadi əlaqələr naziri Nazar Aqaxanov iştirak ediblər.