Levan İoseliani - 2012-ci ilə qədər ömürlük həbs cəzası ilə bağlı qəbul edilmiş qərarlarda sübut standartı xeyli aşağıdır, bizim tövsiyəmiz bu qərarların yenidən nəzərdən keçirilməsidir
Levan İoseliani - 2012-ci ilə qədər ömürlük həbs cəzası ilə bağlı qəbul edilmiş qərarlarda sübut standartı xeyli aşağıdır, bizim tövsiyəmiz bu qərarların yenidən nəzərdən keçirilməsidir

 

2012-ci ilə qədər ömürlük həbs cəzası ilə bağlı qəbul edilmiş qərarlarda sübut standartı xeyli aşağıdır, bizim tövsiyəmiz bu qərarların yenidən nəzərdən keçirilməsidir – bu barədə xalq müdafiəçisi Levan İoseliani Gürcüstanın Birinci Kanalının “Aktual mövzu – Maka Tsintsadze ilə birlikdə” verilişində qonaq olarkən deyib.

İoselianinin qeyd etdiyi kimi, Xalq Müdafiəçisi Aparatı 2012-ci ilə qədər qəbul edilmiş bütün qərarları öyrənib və hesabatı müvafiq qurumlara təqdim edəcək.

“Ömürlük məhkum olunmuş şəxslərə qarşı formalaşmış bir damğa var, faktiki olaraq, bu qrup təcrid olunmuş və son 12 il ərzində dövlətin məhkumlarla bağlı qəbul etdiyi bütün islahatlardan və qərarlardan kənarda qalıb. 2012-ci ildə amnistiya baş verəndə, bütün cəza növlərinə şamil olundu – bir hissəsi yarıya endirildi, bir hissəsi üçdə bir qədər azaldıldı və s. Bütün maddələrə, o cümlədən ömürlük məhkumlara da şamil olundu. Lakin ömürlük məhkumlar üçün cəza rəqəmlə ifadə olunmadığına görə, qanunla şamil olundu və eyni zamanda şamil olunmadı. Yəni, ömürlük cəzanın üçdə ikisi də azaldılsa, yenə də ömürlük olaraq qalır, ona görə də şamil oluna bilmədi.
Bu insanlara qarşı ədalətsiz münasibət olduğunun dərk edilməsindən sonra 2021-ci ildə Ədliyyə Nazirliyi çox yaxşı proqram hazırladı – vaxtından əvvəl azad olunma imkanı yaratdı. İkiillik təhsil proqramından keçilməsi halında, penitensiar müəssisə müsbət və ya mənfi tövsiyə verir.
Bu günə olan vəziyyətə görə 50-yə qədər məhkumun bu proqramı başa vurmasına və onlardan 20-dən çoxunun məhkəməyə müraciət etməsinə baxmayaraq, söhbət 15 və ya 20 il cəza çəkmişlərdən gedir. 15 il halında məhkumun cəzası azaldıla bilər, 20 il halında azad oluna bilər, məhkəmə tərəfindən bu müraciətlərin heç biri təmin olunmayıb.

Bu məhkumların işlərinə baxanda gördüm ki, 2012-ci ilə qədər verilmiş qərarlarda əsaslandırma və sübut standartı xeyli aşağıdır. Buna görə də biz 2012-ci ilə qədər verilmiş bütün qərarları araşdırdıq. Çox tezliklə bununla bağlı təqdimatım olacaq – artıq dərc etdiyim və saytımızda yerləşdirilmiş hesabatı müvafiq qurumlara təqdim edəcəyəm. Bu hesabat çərçivəsində əlavə tövsiyələr də veririk ki, bu insanlarla bağlı çıxarılmış qərarlara yenidən baxılsın. Çünki başa düşürəm ki, ağır cinayətlər törədilib, lakin bu insanlar bu gün eyni cinayəti törətsəydilər, yəqin, əksər hallarda yəqin ki, ömürlük cəza verilməzdi” – İoseliani bildirib.

O bildirib ki, elə bir iş var ki, məhkumun işi yoxa çıxıb və mövcud deyil.

“Belə halla da qarşılaşmışıq. Ona görə düşünürəm ki, bu məsələyə sistemli şəkildə daha çox diqqət yetirilməlidir və bu insanların taleyi ilə maraqlanmaq lazımdır. Başa düşürəm, onlar ağır cinayətlər törədiblər. Lakin, 18-19 yaşında ağır cinayət törədibsə və bu gün artıq 45 yaşlı bir insandırsa – o, bütün bu illəri cəzaçəkmə müəssisəsində yaşayıb, keçirib və barəsində heç bir tənbeh olmayıb, düşünürəm ki, dövlət qisas almaqda maraqlı olmamalıdır.
Cəzanın məqsədi intiqam deyil. Cəzanın məqsədi insanı hazırlamaq, ədaləti bərpa etmək, təhlükəni aradan qaldırmaq və sonra onu cəmiyyətə qaytarmaqdır. Əgər insan artıq təhlükə daşımırsa, onun həbsdə qalmasının mənası yoxdur” – İoseliani bildirib.