Levan Davitaşvili "Gürcüstan Dəmir Yolları"nın yeni baş direktoru Laşa Abaşidzeni təqdim edib
Levan Davitaşvili "Gürcüstan Dəmir Yolları"nın yeni baş direktoru Laşa Abaşidzeni təqdim edib

 

Laşa Abaşidze “Gürcüstan Dəmir Yolları”na rəhbərlik edəcək. Gürcüstanın birinci vitse-baş naziri, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və nazirin müavini Quram Quramişvili baş direktoru şirkətdə bu gün təqdim ediblər.

Levan Davitaşvilinin dediyi kimi, Laşa Abaşidzenin dəmir yolu sektorunda və dövlət qulluğunda rəhbər vəzifələrdə iş təcrübəsi var, bu isə o deməkdir ki, uyğunlaşma mərhələsi qısa və effektiv olacaq. Levan Davitaşvili Laşa Abaşidzeyə “Gürcüstan Dəmir Yolları”nın rəhbəri vəzifəsində uğurlar arzulayıb və şirkətin sabiq baş direktoru David Peradzeyə fəaliyyətinə görə minnətdarlığını bildirib.

“Dəmir yolunun saz vəziyyətdə fəaliyyəti ölkənin iqtisadiyyatı üçün son dərəcə vacibdir. Xüsusilə, Orta Dəhlizin inkişafı kontekstində. Həm daşımaların həcmi, həm də gəlirlərin artması bizim marağımızdadır” – birinci vitse-baş nazir qeyd edib.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi tərəfindən yayılmış məlumata əsasən, Laşa Abaşidzenin “Gürcüstan Dəmir Yolları”nda iş təcrübəsi var. O, 2006-2009-cu illərdə şirkətdə müxtəlif vəzifələri tutub, o cümlədən Satınalmalar Agentliyinin rəhbəri, yükdaşımalar üzrə direktor müavini və əməliyyatların idarə olunması üzrə rəhbər olub. Laşa Abaşidze ixtisasca hüquqşünasdır, magistr dərəcəsini isə dövlət idarəçiliyi sahəsində alıb. 2015–2017-ci illərdə Tbilisinin vitse-meri olub, 2014–2015-ci illərdə Vake rayonunun icra başçısı, 2013–2014-cü illərdə isə Prezident Administrasiyasının rəhbəri olub.

Laşa Abaşidze 2017-ci ildən bu vəzifəni tutan Davit Peradzeni “Gürcüstan Dəmir Yolları”nın baş direktoru vəzifəsində əvəzləyib.