Levan Davitaşvili - Amerika Ticarət Departamentində danışdıq ki, əməkdaşlığın yeni çərçivə memorandumu imzalansın
Birinci vitse-baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ABŞ ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi Aşok Pinto ilə görüşüb və iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib.
Görüş birinci vitse-baş nazirin Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində keçirilib və görüşdə iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Qenadi Arveladze də iştirak edib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumat üzrə, görüşdə Gürcüstan və ABŞ arasında iqtisadi əməkdaşlığın yeni müsbət gündəliyi və təşəbbüslər haqqında söhbət aparılıb. Ticarət-iqtisadi əməkdaşlıq həm ikitərəfli, həm də regional müstəvidə müzakirə edilib.
“Görüşdə, həm Gürcüstan, həm də ABŞ üçün maraqlı olduğunu düşündüyüm təşəbbüslərdən danışdıq. Bu, ticarətin daha da təşviqinə aiddir. Gürcüstan Amerika üçün Amerika məhsullarının satıldığı təkcə kiçik istehlak bazarı və ticarət tərəfdaşı deyil, həm də Gürcüstan və Amerika daha geniş miqyasda əməkdaşlıq edə bilərlər – Gürcüstan mühüm ticarət qovşağıdır və Amerika məhsulları reeksport şəklində Mərkəzi Asiya ölkələrinə, Cənubi Qafqaza və ümumilikdə regiona paylanır. Buna görə də, Gürcüstan Amerika üçün çox maraqlı ticarət tərəfdaşı ola bilər. Həmçinin, əlbəttə ki, Amerika çox böyük istehlak bazarıdır və Amerika bizim ixracımız üçün çox maraqlıdır” – birinci vitse-baş nazir bildirib.
Görüşdə gürcü tərəfi iki ölkə arasında yeni çərçivə memorandumunun imzalanması təşəbbüsü ilə çıxış edib. Birinci vitse-baş nazirin qeyd etdiyi kimi, sənəddə gürcü tərəfinin amerikalı tərəfdaşlara təklif etdiyi və özəl sektorla birlikdə konkretləşdirilərək həyata keçiriləcək təşəbbüslər əks olunacaq.
“Cari ildə gürcü biznesinin Amerikaya sərmayə imkanlarını qiymətləndirəcək səfəri planlaşdırılır. Amerika Ticarət Departamenti bu prosesdə fəal iştirak edəcək və gürcü şirkətlərinə ev sahibliyi edəcək. Həmçinin, ilin ikinci yarısında, sentyabrda artıq amerikalıların Gürcüstana ticarət missiyası planlaşdırılacaq və burada bizim nazirlik də fəal iştirak edəcək” – Levan Davitaşvili qeyd edib.
Həmçinin, görüşdə nəqliyyat, logistika və enerji kimi mühüm sahələrdə əməkdaşlığa toxunulub. Texnologiya və innovasiyalar sahəsində yeni təşəbbüslərə və startaplara da diqqət yetirilib.
“Fikrimcə, bu, konkret fəaliyyət planları formalaşdırmalı olduğumuz istiqamətlərdir” – birinci vitse-baş nazir qeyd edib.
Birinci vitse-baş nazirin Amerikaya səfəri çərçivəsində ABŞ Dövlət Departamentinin, Xəzinədarlıq Departamentinin, eləcə də Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının yüksək səviyyəli rəhbər nümayəndələri ilə artıq görüşlər keçirilib.